cloud2
cloud1
cloud3
cloud4

Yetim oğurluğa gedəndə…

11.06.2016 , 422 dəfə baxılıb.


Əsən külək yazın gəlişindən xəbər verirdi. Bu­daqların qarı qışla vidalaşırdı. Qar topaları əriyib gedir, təbiəti əvvəl rəngarəng çiçəklər, arxasınca da yamyaşıl yarpaqlar salamlayırdı. Quş səsləri kiçik kəndə bayram gətirdi.

Çox keçmədi ki, bu gözəlliklər könüllərə də təsir etdi. İşi olmasa, bayıra çıxmayan Həsən baba dan yeri sökülər-sökülməz çölə çıxıb baharı salamladı. Onun hər qarşısına çıxan çiçəklərə, güllərə, quşlara “Salaməleyküm!” dediyini eşidən uşaqlar çaşbaş qalıb soruşdular:

– Kiminlə salamlaşırsan, Həsən baba? Axı burda heç kim yoxdur?

Həsən baba gülümsəyib dedi:

– Haqlısınız, balalarım, zahirən heç kim görünmür. Lakin yaxşı baxsanız, çox şey görə bilərsiniz. Bu alma çiçəyinə bir baxın, nə deyir:
“Yaşıl budağa düzüləm,

Bahar gəldi, gəzərəm.

Yanağım al-al olsa,

Mən nə qədər gözələm”.

Bir bu sərçənin nəğməsinə qulaq asın, görün Allaha necə şükür edir:

“Bahar gəldi,

Çiçək güldü.

Hər bir canlı

Xoşbəxt oldu”.

Baharın gözəllikləri Həsən babanı sevindirirdi. Birdən ağlına Musa müəllim  gəldi. Neçə ay idi ki, əziz dostunu görə bilmirdi. Piyada qonşu kəndə bir saata gedərdi. Həm də yolda salam verəsi çoxlu çiçəklər və quşlar vardı. Tez evə qayıtdı. Hazırlıq gördükdən sonra yola düşdü.

Bir saatdan sonra Musa müəllimin evinin qabağında idi. Dostu onu görən kimi sevindi. Bahar bütün canlıları necə qucaqlayırsa, onlar da beləcə bir-birinə sarıldılar. Keçmiş günləri yada salıb, unudulmaz xatirələri bir-bir sadalayıb şirin söhbətə başladılar. Günorta yeməyini yedilər. Bir qədər söhbətdən sonra çay da içdilər. Həsən baba getmək üçün icazə istədi:

– Dostdan doymaq olmaz, Musa müəllim, yolçu yolda gərək.

Dostu onun qolundan yapışdı:

– Vallah, qoymaram! Sən məndən doysan da, mən səndən doymadım. Üstəlik, özün də görürsən, bu qonaq otağı neçə aydır, qonaq görmür. Qəriblikdən, təklikdən yaman darıxıb. Sənin kimi gözəl bir insanı qonaq etməkdən şad olar. Mənə görə qalmırsan, heç olmasa, bu otağın xatirinə…

– Oldu, oldu, – dedi Həsən baba, – sən də dəyərlisən, qonaq otağın da…

Yenidən bir-birinə sarıldılar. Gecənin yarısına kimi gözəlliklərdən danışdılar. Gecənin keçdiyini görən Həsən baba dedi:

– Musa müəllim, dostluq kimi gecənin də haqqı var. Ev sahibi “yatıram” deməz, amma mənim yuxum gəldi.

Musa müəllim dərhal yatağı hazırladı.

– Gecən xeyrə qalsın, – deyib otaqdan çıxdı.

Sübh azanı oxunanda Həsən baba yuxudan oyandı. Məscidə getmək üçün bayıra çıxmışdı ki, Musa müəllim arxasından səsləndi:

– Bu, nə deməkdir, qardaş?! Nə vaxtdan bəri dostlar gözəl yerlərə tək gedirlər?

Birlikdə məscidə yola düşdülər. Namazı qılıb bayıra çıxanda Həsən babanın diqqətini bir şey çəkdi. Doqquz-on yaşlarında iki uşaq məscidin bir küncündə büzüşüb oturmuş, qorxa-qorxa camaata baxırdı. Həsən baba üzünü camaata tutub soruşdu:

– Xeyir ola, qardaşlar? Bu uşaqlar niyə bu haldadır?

Əşrəf usta həyəcanla dilləndi:

– Həsən baba! Sübh namazına gedirdim. Elə bu vaxt bu uşaqları harda görsəm, yaxşıdır?! Nərdivanı Kərim ağanın evinə dayayıb pəncərəyə doğru dırmaşırdılar. Məni görən kimi qaçmaq istədilər. Mən də aman verməyib qulaqlarından tutub gətirdim məscidə. Bir azdan polis idarəsinə aparacam.

Bunu eşidən uşaqlar qorxub bir-birinə qısıldılar. Həsən baba çox narahat oldu:

– Bu uşaqlar bu saatda nə gəzirlər bayırda? Onların kimsəsi yoxdur?

– Yox, – dedi Əşrəf usta, – təkcə anaları var idi. Allah sizə ömür versin. O da iki ay əvvəl dünyasını dəyişdi. Uşaqlar beləcə kimsəsiz qaldılar.

– Allah rəhmət eləsin! Bəlkə, deyəsiniz “Yetim oğurluğa gedəndə” …

– Ay gecədən doğar, – deyə Əşrəf usta irəli atıldı.

Həsən baba:

– Ay doğar, yoxsa bütün dünya qaralar, onu görəcəyik, – deyə pıçıldadı.

Sonra Əşrəf ustadan soruşdu:

– Yaxşı, sizdən bir şey soruşum, Əşrəf usta. Qulağından tutub bura gətirdiyin uşaqları bir dəfə də olsa, əllərindən tutub evinə və ya məscidə aparmısan?

– Bir neçə dəfə evə aparmışam. Amma…

– Bəs sən, əziz dostum Musa müəllim?! Qonaq evinin aylardan bəri boş qaldığına görə sıxıldığını deyirdin. Orda öz qonaqlarını saxlamaq yaxşıdır, yoxsa Allahın qonaqlarını? Bəs özümüz üçün istədiyimizi başqaları üçün də istəyəcəkdik? Bəs qonşusu ac ola-ola tox yatan bizdən deyildi? Bu suallara nə cavab verəcəksiniz!?

Həsən baba camaatın üzünə baxıb sözlərinə davam etdi:

– Bu uşaqlar polis idarəsinə getməyəcək. Çünki mən onları öz evimə aparacam, – deyib uşaqlara tərəf addımladı.

Əvvəl onun qabağını Əşrəf usta kəsdi:

– Ayaq saxla, Həsən baba. Xəta etdik, icazə verin, xətamızı düzəldək. Bəlkə, Allah bizi bağışlayar. Bu uşaqların yemək-içməyini öz boynuma götürürəm.

Həsən baba bir az gülümsədi:

– Sonra da qulaqlarından tutub…

– Xeyr, Həsən baba, xeyr! Sonra da əllərindən tutub məscidə gətirəcəm.

– Bir dəqiqə, qardaş, – deyə Musa müəllim sözə qarışdı, – sən bu gün gedirsən, elə deyilmi?

– Bəli.

– Heç olmasa, qonaq otağım tənhalıqdan sıxılmasın. Bu uşaqları saxladığına görə xoşbəxt olacaq.

Bu söhbətdən sonra hər kəsin üzündə və könlündə sevgi çiçəkləri açmağa başladı. Həsən baba və Musa müəllim uşaqların əllərindən tutub evə yollandılar.