cloud2
cloud1
cloud3
cloud4

Uçan canavarlar

14.06.2016 , 520 dəfə baxılıb.


Böyük bir dağın ətəyində gözəl bir kənd vardı. Sular şırıl-şırıl axır, qadınlar daşların üstündə paltar yuyurdular. Kəndin üstündən keçən buludlar uşaqların saçlarını oxşayırdı. Uşaqlar da buludları çox sevir, onların arxasınca nəğmə söyləyirdilər:

“Ey gözəl bulud,

Göyləri unut.

Kəndimizə gəl,

Əlimizdən tut”.

Nə qədər bir-birilərini sevsələr də, elə ki vaxt yetişdi, hər kəs işinə-gücünə gedərdi. Buludlar bərəkətli yağışları bütün dünyaya daşıyırdı, uşaqlar da bir əkəndə min sünbül verən sevgilərini…

Bahar bütün çiçəklərini yığıb getmiş, meyvələrini hə­diyyə elə­mişdi. Payız isə öz yarpaqlarını xatirə saxlamışdı. Qış qəzəblə kəndin başının üstünü aldırmışdı. Külək “hu” deyib hayqırır, ağappaq qar topalarını göyə sovururdu. Uşaqlar da evlərinə çəkilib sobanın başında dərsləri ilə məşğul olurdular.

Gülbahar da dərslərini hazırlayırdı. Dəmirçi Əli bir yandan gözünün ucu ilə sobaya baxır, bir yandan da qızını seyr edirdi. Külək sakitləşmişdi. Qar seyrək-seyrək yağırdı. Get-gedə Dəmirçi Əli sobanın kənarında yuxuya getdi. Gülbahar hələ də dərslərinə çalışırdı. Çünki müəllim demişdi ki, bu günün işini sabaha qoymaq olmaz.

Dərslərini qurtaranda gecədən xeyli keçmişdi. Ayaqyoluna gedib sonra yatmağı düşündü. Atasını oyandırmaq istəmədi. Qapını açıb həyətdəki ayaqyoluna doğru irəlilədi. Bu vaxt neçə gündür, dağlarda ac qalan canavarlar kəndə enmişdilər. Gülbahar evə qayıdanda qabaqda gözləri çaxmaq daşı kimi par-par parıldayan canavarları gördü. Canavarlar qıza hücum etdilər. Gülbahar da:

– Ata, atacan, kömək elə! – deyə qışqırmağa başladı.

Dəmirçi Əli qızını xilas edə bildi. Lakin canavarlar uşağa bir az xətər yetirdi.

Gülbahar iki həftə müalicə olunandan sonra ayağa qalxa bildi. Bu hadisə dəmirçi Əliyə çox təsir eləmişdi.

Öz-özünə: “Mənim gözəl balama kim toxuna bilər?! Mən sizə göstərərəm, xain canavarlar” deyə qəzəblənib özündən çıxırdı.

Bir gecə Gülbahar yatandan sonra tüfəngini götürüb kəndin ətrafında gözləməyə başladı.

– Bacarırsınız, indi gəlin. Elə uşaq-muşağa hücum etməyi bilirsiniz! Hə, gəlin sizə gününüzü göstərim! Dişə diş, başa baş…

Dəmirçi Əli öz-özünə danışa-danışa əlində tüfəng o başabu başa gedib-gəlirdi. Bir gün sübh namazına gedən Həsən baba onu gördü. Maraqla yanına yaxınlaşıb salam verdi:

– Bu, nə haldır, Əli usta? Səhərin gözü açılmamış burda niyə keşik çəkirsən?

Dəmirçi Əli hirsli-hirsli cavab verdi:

– Balaca balamın intiqamını almaq istəyirəm.

– Kimdən alacaqsan intiqamı?

– Xain canavarlardan.

Həsən baba onun yanına yaxınlaşıb:

– Başına gələnləri eşitdim, Əli usta! Bir daha olmasın. Veriləsi sədəqən var imiş. Lakin bu intiqam barədə bir az düşünmək lazımdır. Heyvan heyvanlığını edib, insana da insanlıq yaraşar, – deyib yoluna davam etdi.

Dəmirçi Əli Allahdan başqa, heç kimdən qorxmayan, igid adam idi. Lakin Həsən babaya böyük hörməti vardı. “Həsən baba boş yerə danışmaz”, – deyib düşünə-düşünə evinə doğru irəlilədi.

Səhər tezdən körüyü çevirə-çevirə Həsən babanın söylədiklərini düşündü. Ocaqdakı kömürlər yaxşıca qızaranda Dəmirçi Əlinin üzü güldü:

– Tapdım, Həsən baba, tapdım, – dedi, – mən o canavarlara nə edəcəyimi yaxşı bilirəm!

Dərhal özünə dəmir bir zireh düzəltməyə başladı. İşini iki günə başa çatdırdı. Üçüncü gecə kəndin dağ tərəfində keşik çəkməyə başladı. Gecə yarısı olan kimi ac canavarlar vəhşicəsinə dəmirçi Əliyə hücum etdilər. Qollarından, qılçalarından dişləməyə başladılar. Ancaq iti dişləri dəmirə toxunanda gözlərindən od çıxdı. Dəmirçi Əli də onları bir-bir tutub dağdan aşağı atdı.

Kəndin yuxarı hissəsindən gələn bağırtı səsləri hamını yuxudan oyatmışdı. Pəncərədən baxan kəndlilər göy üzündə uçan canavarları görüb heyrət etdilər. Bu hadisə ən çox uşaqların xoşuna gəldi. O gündən sonra “uçan canavar” hadisəsi hər tərəfə yayıldı.

Dəmirçi Əli hər gecə növbə çəkir, kəndlilər də rahatca yatırdılar. Qurdlar qorxularından hücum etmədiklərinə görə hər şey qaydasında idi.

Qış sərt keçdiyindən Həsən babanın odunu vaxtından əvvəl qurtarmışdı. O, odun toplamaq üçün dağın yolunu tutub meşəyə yollandı. Hər tərəf qarla örtülmüş olsa da, bir parça odun tapacağına ümid edirdi. Elə düşündüyü kimi də oldu. Küləyin aşırtdığı ağaclardan xeyli odun topladı. Elə bu vaxt ağacın dibində ona yaxın canavar balasının öldüyünü gördü. Bu, Həsən babaya yaman təsir elədi. Canavar balalarını o tərəf-bu tərəfə çevirən Həsən baba onların acından tələf olduğunu  gördü.

Həsən babanın dağlara odun yığmağa getdiyini eşidən dəmirçi Əli axşamüstü ona baş çəkdi:

– Dağlarda nə var, nə yox, Həsən baba? Canavarların vəziyyəti necədir? – deyə kinayə ilə soruşdu.

Həsən baba məyus halda cavab verdi:

– Vəziyyətləri çox yaxşıdır, Əli usta! Elə yaxşıdır ki, səssiz-səmirsiz yatırlar. Yanlarından keçdim, amma heç dönüb baxmadılar!

– Əlbəttə, baxmazlar, Həsən baba! Pis gözlə baxsalar, onların gözlərini…

– Əli usta, bir neçə canavar balası gördüm. Hamısı da acından ölmüşdü, – deyə Həsən baba sözünə davam etdi.

Dəmirçi Əli hələ də bir şey başa düşməmişdi. Yenə də kinayə ilə dilləndi:

– Nə əkərsən, onu da biçərsən, Həsən baba! Bir az gec tərpənsəydim, onlar da mənim gözəl balamı öldürəcəkdilər.

Həsən baba hövsələdən çıxdı:

– Bəsdir, Əli usta, bəsdir! Sənə neçə dəfə dedim, onlar heyvanlığını edib. Sən isə insan oğlu insansan. Yaxşı, deyək ki, canavarlar günahkardır. Bəs balalarının günahı nədir? Üstəlik, unutma ki, nə əkərsən, onu da biçərsən… Kim deyir ki, canavarların əlində aciz qal?! Amma zalım da olma! Sən ağıllı-başlı insansan. Nə lazımdırsa, onu et.

Dəmirçi Əli günahkar addımlarla uzaqlaşırdı ki, birdən geri qayıtdı:

– Xətamı başa düşdüm. Səhvimi necə düzəldim, onu söylə, – deyib boynunu bükdü.

Həsən baba əlini ustanın çiyninə qoyub aram-aram danışmağa başladı:

– Qulaq as, Əli usta! O canavarlar ac qalmasaydılar, kəndə enib sənin qızına hücum etməzdilər. Bunu bil ki, canavarların qızına hücum etməsi sənə haqq vermir ki, onların balalarını öldürəsən. Bilirsənmi, atalarımız belə qış günlərində nə edərmiş?

Dəmirçi Əli maraqla:

– Nə edərmiş, Həsən baba? – deyə soruşdu.

– Nə edəcəklər? Belə sərt havalar olanda dağlara-daşlara yem tökərlərmiş. Qarınları tox olan heyvanlar da kəndə hücum etməzmiş.

– Allah razı olsun, – dedi Dəmirçi Əli. Həsən babanın əlini öpüb evinə yollandı.

Səhər tezdən dəmirdən bir sandıq düzəldib kəndin ortasına qoydu. Kəndlilər artıq qalan yeməkləri sandığa qoyur, dəmirçi Əli də bu yeməkləri hər gün dağlara daşıyırdı. İşi çox olanda Həsən baba da ona kömək edirdi.