cloud2
cloud1
cloud3
cloud4

Üç sual, üç cavab

20.06.2015 , 567 dəfə baxılıb.


Biri varmış, biri yoxmuş, səxavətli bir padşah varmış. Bu padşah qapısına gələni əliboş qaytarmaz, hər kəsi hədiyyələrlə yola salarmış.

Bir gün yenə padşah qapısına gələn kasıblara qızıl paylayırdı. Bir də görür ki, bir nəfər gəlib küncdə dayanıb və heç nə istəmədən eləcə gözləyir.

Hamı getdikdən sonra padşah əlini başına sürtməyə başlayır. Bu adam padşahın hüzurunda əyilir və əlini ağzına çəkir. Padşah üzünü sığallayanda bu adam boğazını sığallayır. Padşah qarnına toxunduqda adam da ayaqlarına toxunur.

− Bu adama bir kisə qızıl gətirin, – deyə padşah əmr edir.

Xəzinədar padşahın əmrinə itaət edərək bir kisə qızıl gətirir. Qonaq səssiz-səmirsiz hədiyyəni qəbul edib sarayı tərk edir. Vəzirlər maraqla padşahdan soruşurlar:

− Padşah sağ olsun, tanımadığınız bir adama ni­yə bu qədər səxavətli davrandınız?

Padşah cavab verir:

− Mən o adamdan 3 sual soruşdum və ondan 3 ca­vab aldım.

− Axı biz nə sual eşitdik, nə də ki cavab.

Padşah gülümsəyir:

− Gözü olan görər, ağlı olan düşünər. Mən başımı tu­marlayınca: “Bizi ən çox məhv edən nədir?” − deyə soruşdum. Adam əlini ağzına sürtərək: “Dü­şün­­mədən deyilən söz”, − cavabını verdi. Mən üzümü sığallamaqla kimlərin ikiüzlü olduğunu soruşdum. Adam boğazını sığallayaraq: “Gün­lərini və mal-dövlətlərini bo­ğa­zından keçirən kimsələr”, – dedi. Mən qarnıma toxunaraq: “Bəs insan mədəsinin qulu deyilmi?” – deyə soruşdum. Adam ayaqlarına toxunmaqla: “Xeyr. Allah insana dünyanın nemətlərindən istifadə etmək, çalış­maq və üzərində dayana bilmək üçün ayaqlar verib”, − dedi.

Padşah üzünü vəzirlərinə tutub sözlərini belə yekunlaşdırdı:

− Siz də bundan dərs alın: ağız bəlaya, ayaq isə ruziyə aparar.