cloud2
cloud1
cloud3
cloud4

Tülkü və leylək

20.06.2015 , 2. 126 dəfə baxılıb.


Qədim zamanlarda bir tülkü ilə bir leylək yaşayırmış. Onlar tək qalıb darıxmamaq üçün bir-biri ilə dostlaşmışdılar. Bir gün tülkü leyləyi evinə qonaq çağırdı. Bir qazan ayran şorbası bişirib dayaz boşqaba tökdü və gətirib süfrəyə qoydu. Elə ki, süfrə hazır oldu, yeməyə başladılar. Şorba dayaz boşqabda olduğuna görə leyləyin boğazına bir dənə də olsun düyü getmədi. Amma tülkü ləzzətlə şorbasını içirdi. Be­ləcə, leylək bir neçə düyünü zorla uda bilmişdi ki, tülkü boşqabdakı bütün şorbanı yalayıb qurtardı. Leylək ac qalmışdı. Durub narazı-narazı evinə getdi.

Həmin gecə leylək səhərə kimi qarnının qurultusundan yata bil­mə­di. Bu qonaqlıqdan bir neçə gün keçdi. Tülkü yenə də leyləyi evi­nə dəvət etdi. Leylək yumşaqürəkli idi. Qəlbindəki bütün umu-küsü­nü unut­­muşdu. Yenidən qalxıb tülkünün evinə getdi. Tülkü bu dəfə də şorba bişirib sininin içinə tökmüşdü. Yenə də leylək bir-iki düyü ye­mə­miş tülkü şorbanı yalayıb qurtarmışdı.

Leylək bu dəfə də ac qalmışdı. Öz-özünə: “Yaxşı, tülkü. Mən bu hey­fi səndə qoysam, onda mənə leylək deməsinlər”. Sonra özünü o yerə qoymayıb məmnun halda tülküyə: “Çox təşəkkür edirəm, dostum, sənə zəhmət verdim. Mən də sənə yaxşılıq etmək istəyirəm. Gəl səninlə birlikdə gəzməyə çıxaq, kefimiz kökəlsin”.

─ Elə mən də gəzmək istəyirdim, ay sağ olmuş, ürəyimdən xəbər ver­­din. Onda qanadlarının üstünə minim, göy üzünü gəzək.

Tülkü leyləyin qanadlarına mindi. Leylək göy üzünə pərvazlandı. Bir az keçmişdi ki, Leylək tülküyə:

─ Dostum, bir bax görüm yer üzü necə görünür?

─ Bir tarla boyda görünür.

Leylək bir az da yüksəyə qalxdı:

─ İndi necə görünür, dostum?

─ Yer üzündən bir nöqtə də gözə dəymir.

Leylək bir az da yüksəklərə qal­xdı:

─ Tülkü qardaş, qanadlarımın ikisi də ağrıyır, çox yoruldum. Bir az en, qa­nadlarım dincəlsin.

─ Aman, dostum, yalvarıram. Mən bu göy üzündə hara enim? Necə enim? Məni sən aşağıya endir.

─ Xeyr, bacarmaram, qanadlarım ağrıyır. Enməsən, səni mən yerə ataram. Özün bilərsən!

Tülkü leyləyin tələsinə düşdüyünü anlayıb yalvarma­ğa başladı:

─ Leylək, dostum, mən səhv etdim. “Yamanlığa yaxşılıq ər kişinin işidir” deyiblər. Gəl bu dəfə məni bağışla. Ölənə qədər sənə qul olaram.

─ Xeyr. Nə əkərsən, onu da biçərsən. Mən sənə borcluydum, indi də borcumu qaytarıram.

Tülkü dil-boğaza qoymur, leyləyə yalvarırdı. O qədər yalvardı ki, axırda leyləyin ürəyi yumşaldı. Tülküyə rəhmi gəldi.

Göy üzündən aşağıya enməyə başladı. Yer üzünə beş-on metr qalmış: “Al, səni!” ─ deyərək tülkünü qanadlarından aşağı atdı. Hiyləgər tülkünün qa­bırğası və ayaqları bərk əzildi. Düz bir ay yerindən qalxa bilmədi. O gündən sonra özünə söz verdi ki, bir də heç kimi məsxərəyə qoyub pislik etməyəcək.