cloud2
cloud1
cloud3
cloud4

Təmiz arzular

24.04.2016 , 360 dəfə baxılıb.


Axşam düşdü. Günəş həmişəki kimi şüalarını toplayıb buludların arxasında gizləndi. Görəsən, indi hansı qitəni sevindirməyə gedirdi? Axşamın qaranlığı küçələri öz ağuşuna aldı. Səkilərdə addımlayanlar harasa tələsirdilər. Ağaclar da elə bil qaranlığa təslim olmuşdu.
Küncdə dayanıb nəfəsini dərən ata, görünür, çox yorulub. Övladlarına qovuşmaq arzusu ilə evinə tələsir. Eyvanlardan ətrafa növbənöv yemək qoxuları yayılır. Bir neçə uşaq döşəmə daşlarını üst-üstə yığır. Qadınlar evlərinin böyüyünü səbirsizliklə gözləyirlər.
Bura bizim küçədir. Bu uşaqlar da bizim uşaqlardır. Gözümü burada açdığıma görə buralı da sayılıram. Çoxlu dostlarım var. Gün ərzində yoldan keçənləri seyr edib öz-özümə danışıram. Yanımdan o qədər çox insan keçir ki…
Pis, yaxşı bir çox hadisənin şahidi oluram. Bu küçədə yaşayanların, demək olar ki, hamısını tanıyıram. Təbii ki, onlar da məni tanıyırlar. Lakin beş barmağın beşi də bir ola bilərmi? Qədrimi bilənlər də var, bilməyənlər də… Təpikləyən kim, od vurub yandıran kim, əlinə keçənləri içimə dolduran kim… Qısacası, hər cür insana rast gəlirəm.
Bu küçədə ən çox Aydanın xətrini istəyirəm. Onun doqquz yaşı var. Saçları dənizin coşqun dalğalarına, özü isə çiçəyə bənzəyir. Şən və mehriban bir qızdır. Ailəsi də çox istiqanlıdır.
Aydan hər gün mənə baş çəkir, ağzı möhkəm bağlanmış zibil torbasını ehmalca içimə qoyur. Neçə ildir ki, buradayam. Hələ indiyə qədər bir dəfə də olsun içimə qida və yemək artığı atdığını görməmişəm.
Amma bununla yanaşı içimə atılan yeməkləri görüb çox narahat oluram. Bu, məni yaman incidir. Aydangil bu küçədə yaşamasaydılar, yəqin ki, halım daha pis olardı. Yaxşı ki, bu məhəllədə onun kimi insanlar çoxdur. Bəzən düşünürəm ki, kaş hamı Aydangil kimi olaydı. Çörək dolu torbaların, cürbəcür yeməklərin içimə atılmasına heç razı deyiləm.
Vaxta az qalır. Bir azdan günəş son şüalarını da toplayacaq. Küncdəki cökə ağacının titrəyən yarpaqlarını son dəfə görəcəm. Narıncı rəngli zibil yığan maşın gəlib yanımda dayanacaq.
Qulpumdan tutub qaldıracaq. Üzərimə çökən gecənin qaranlığında üç dəfə titrəyəcəm. Sonra içimdəkilərin hamısı boşalıb gedəcək. Uzun gecəni tək qalıb darıxacam. Sabah israf edilmiş yeməkləri görməmək diləyi ilə dərin yuxuya gedəcəm…