cloud2
cloud1
cloud3
cloud4

Taxta oyuncaq

06.06.2016 , 287 dəfə baxılıb.


Yay səhəri olsa da, yağış yağırdı. Pəncərənin qarşısında oturub, yağışın altında o yan-bu yana qaçışan adamlara baxırdı. “Yaxşı ki, evdəyəm”, − deyib dərin bir ah çəkdi. Kaş bir dostu olaydı. Taxta kuklası vardı, keçən bazar günü atası düzəltmişdi. Ancaq onunla oynaya bilirdi. Qapıbir qonşuları Cavidlə arası yaxşı idi. Təəssüf ki, o da bu gün evdə deyildi. Cavidlə bir-birinə qoşulanda o qədər atlanıb-düşürdülər ki, gəl görəsən. Bir neçə gün əvvəl də Cavidlə oynayanda bir divandan o birinə atlanmaq istəmiş, ancaq alınmamışdı. Yıxılıb qolunu sındırmışdı. Öz-özünə fikirləşdi: “Sağlam olmaq nə gözəl şey imiş”. Elə bu vaxt pəncərədən əlil arabasında oturmuş təxminən özü yaşda bir uşaq gördü. Onun halına baxıb şükür elədi. Birdən: “Ey, dostum!” nidası sükutu pozdu. Tez çevrilib otağa göz gəzdirdi. Amma heç kimi görmədi. “Yəqin, qulağım aldanıb”, – deyib əlil arabasındakı oğlana baxmağa davam elədi.

− Dostum, bilirəm, ürəyin sıxılır. Gəl səninlə bir az söhbət edib dərdləşək.

− Sən kimsən? Kimdir danışan?

− Qorxma, mənəm, taxta kuklan. Neçə gündür, burada uzanıb qalmışam. Mənim sənin kimi hərəkət edən qollarım, yeriyən ayaqlarım yoxdur ki, atılıb-düşüm.

Heyrətdən az qaldı ki, mavi gözləri yerindən çıxsın. Dolabın üstünə qoyulmuş taxta kukla qələmlə çəkilmiş gözlərini ona zilləmişdi.

Kuklaya baxdı. Həyəcanı bir qədər keçəndən sonra gülümsəyib dedi:

− Hərəkət edə bilməsən də, uşaqlar kimi şipşirinsən. Üstəlik danışmağına çox heyrətləndim. Deyəsən, dolabın üstündə yaman darıxmısan. Gəl bir az səni hərəkət elətdirim.

− Mənim skeletim taxtadandır. Sənin kimi oynaya, atılıb-düşə bilmərəm. Sən necə hərəkət edirsən? Skeletinin quruluşunu mənə başa sala bilərsən?

− Yaxşı, sənə nə maraqlıdır? Soruş, deyim.

− Sənin sümüklərin həm möhkəmdir, həm də elastik. Mən qalxmaq istəyəndə ayaqlarım sağa-sola qaçır, səndələyib yıxılıram. Amma sən ayaq üstə sərbəst dayana bilirsən.

− Hər ayağımda iki uzun sümük, yəni qamış və incik sümükləri var. Onlar birbirinə

oynaqla bağlıdır. Oynaqlarıma isə xüsusi toxumadan yaradılan rezin kimi elastik liflər yerləşdirilib. Amma bu elastik liflər yerə yıxılmağımın qarşısını almır. Diz oynağımın üzərinə bir də diz qapağı yerləşdirilib. Bax elə buna görə də, özümü tarazlayıb ayaq üstə dayana bilirəm. İstədiyim kimi atılıb-düşürəm. Üstəlik, bəzi qidaların tərkibindəki maddələr sümüklərimi elastik edir. İçdiyim süd isə onları sərtləşdirir.5

− Məndə nə oynaq, nə də diz qapağı var. Mənim ustam insan olduğuna görə bəzi şeyləri düzəldə bilməyib. Sənə baxıb məni düzəltsə də, sənin kimi gözəl alınmayıb. Səndə hər şey yerli-yerindədir.

− Təəssüf ki, biz insanlar belə incə şeyləri düşünüb şükür etmirik. Yağışın altında başdan-ayağa islanmış bu uşağı görürsən?

Birlikdə pəncərədən çölə baxdılar. Əlil arabasında oturan uşağın qara saçlarından süzülən yağış damlaları köynəyinin yaxasından içəri axırdı. Şalvarının balaqları dizlərinə qədər qatlanmışdı. Ayaqları olmasa da, bikef görünmürdü.

Otağa qısa səssizlik çökdü. Kuklanın verdiyi sualları cavablandırmaq çox maraqlı idi. Xoşu gəlirdi belə şeylər haqda danışmaqdan. Sözünə davam etdi:

− Baxsana bədənimdəki bütün sümüklər öz yerinə uyğun yaradılıb. Məsələn, beynim çox həssas və yumşaq olduğuna görə sərt sümüklə qorunur. Ürəyim və ağciyərlərim də beynim kimi sümük qəfəslə qorunur. Buna döş qəfəsi deyirlər.

Taxta kukla maraqla sual verdi:

− Deyəsən, sümüklərinin bəzisi yastı, uzun, bəziləri də qısadır.

− Bəli, ayaqlarımdakı sümüklər uzun və möhkəmdir. Əgər onurğam ayaq sümüklərim kimi olsaydı, onda mən də sənin kimi yerimdən tərpənə bilməzdim.

− Bəs yaxşı, qol və ayaq oynaqların kimi bütün oynaqların da hərəkətlidir?

− Yox. Onurğam və çənəmdəki oynaqlar o qədər də hərəkətli deyil. Alt çənəmdən

başqa, başımdakı bütün sümüklər hərəkətsizdir.

− Bəs nə üçün belə yaradıldığını bilirsən?

− Hə, bilirəm. Əgər hərəkət etsəydilər, beynimə zərər verərdilər.

− Nə qədər mükəmməldir. Amma bir şey mənə maraqlı gəldi. Skeletinin vəzifəsi təkcə səni dik ayaq üstə saxlamaq və daxili orqanlarını qorumaqdır?

− Əlbəttə ki, başqa işləri də var. Sümüklərimdə həm də mineral maddələr yığılır. Üstəlik, bütün qan hüceyrələri sümük iliklərimdə yaradılır.

Kukla qovaq ağacından düzəldilmiş bədənini göstərdi:

− Mənim taxtalarımın içi doludur. Ona görə də çox ağırdır. Həm də tez qırılır. Bəs sənin sümüklərin necədir?

− Bilirsənmi, əziz kuklam, sümüklərimin içində kanalcıqlar var. Həmin kanalcıqların içində də sümükləri qidalandıran qan damarları yerləşir.

− Çox maraqlıdır. Bunları bilmədiyim üçün qolun sınanda çox kədərlənmişdim.

Amma artıq barmaqlarını tərpədə bilirsən. Mənim qolum qırılsaydı, təmir olunsa belə, əvvəlki kimi sağlam ola bilməzdi.

− Bədənimiz elə yaradılıb ki, bir yerimizə bir şey olanda dərhal özü özünü bərpa

etməyə başlayır. Buna görə də qırılan sümüklərim yavaş-yavaş bir-birinə yapışıb sağalır.

− Bilirsən, şükür edəsi o qədər şeyin var ki! Bəzən sənin yerində olmaq istəyirəm.

Məncə, hərdən sən də mənə baxıb “Taxta dan bir kukla olsaydım, halım necə olardı” deməlisən.

Onlar şirin-şirin söhbət etməklərində olsun, artıq yağış dayanmış, bayaqkı oğlan da əlil arabasını sürüb getmişdi.