cloud2
cloud1
cloud3
cloud4

Sülh

17.02.2016 , 332 dəfə baxılıb.


Həmişə gülərüzlü olan və gülüşləri ilə sinfimizə işıq saçan iki rəfiqə – Fatma və Bənövşə… Onları belə küsülü görmək bütün sinfi kədərə qərq etmişdi. Amma güman ki, hamıdan çox, mən kədərlənmişdim. Hətta anam da o gün məktəbdə pis bir şey olduğunu hiss eləmişdi. Ona görə də:

– Nə olub? Niyə belə bikefsən? – deyə maraqlandı.

Mən də olanları danışdım. Anam soruşdu:

– Sinif yoldaşlarının küsülü qalmasına üzülürsən. Bəs onları barışdırmaq üçün necə, bir şey edirsən?

– Yox, – dedim, – neyləyə bilərəm ki?

– İkisi ilə də ayrı-ayrılıqda danışıb onları barışdıra bilərsən.

– Hə, ola bilər, – dedim, – sabah əlimdən gələni edəcəyəm.

Onsuz da, onları bir yerə gətirmək çətin olardı. Ayrı-ayrılıqda danışmaq ağlabatan fikir idi.

Səhəri gün əvvəl Bənövşə, sonra isə Fatma ilə söhbət elədim. İkisinin də elə yaxşı xasiyyəti vardı ki… Özləri də bu hadisəyə mənim qədər kədərlənmişdilər. Ancaq nə elədimsə, onları barışdıra bilmədim. Başqa çarə fikirləşməli oldum. Bu dəfə dostlarla bir yerə yığışıb götür-qoy etdik. Bəzilərinin vecinə də deyildi. Rəşid və digər iki oğlan: “Qoy özləri nə vaxt istəsələr, onda barışsınlar”, – dedi. Bəzi şagirdlər onların fikri ilə razılaşdılar. Gülnur isə: “Məncə, Bənövşə səhv edib. Gedib Fatmadan üzr istəməlidir”, – dedi.

İkinci dəfə cəhd eləmək lazım idi. Barışıq tərəfdarları çox idi və əl-ələ verib bir yol tapa bilərdik. Hərə bir təklif irəli sürdü. Amma bir qərara gələ bilmədik. Axırda müəlliməmizdən kömək istədik. Müəllimə küsülüləri barışdırmaq niyyətimizi eşidəndə həm sevindi, həm də bizlə fəxr etdiyini dedi:

– Sabahadək gözləyin, uşaqlar. Bu məsələ sabah düzələcək. Hamının səbirsizliklə gözlədiyi gəzinti planımız var ha?

– Bəli, – dedik gözlərimiz parlayaraq.

– Onu sabaha salırıq.

– Əla! – Laləylə birlikdə yerimizdən tullanaraq qışqırışdıq.

Müəlliməmiz:

– Amma kiçik bir məsələ var… – pıçıltıyla dedi və planı izah etdi.

Sevinc içində müəlliməmizlə vidalaşdıq. Fatma və Bənövşəyə hiss etdirmədən digər sinif yoldaşlarımıza xəbər çatdırdıq. Ertəsi gün müəlliməmiz sinfə girər-girməz: “Uşaqlar, bu gün dərs keçməyəcəyik, çünki əvvəldən planımızda olan gəzintiyə çıxırıq”, – dedi. Fatma və Bənövşə sevinclə ayağa qalxdılar, ancaq sinifdəki sakitliyi görüb çaşdılar və utanaraq yerlərinə oturdular. Müəlliməmiz sözünə davam etdi:

– Ancaq bir şərtimiz var. İki nəfərlik dəstələrə bölünməliyik. Dərhal başlayın, dəstələr çölə çıxsın.

Hər kəs dünəndən öz dəstə yoldaşını seçmişdi. İndi də vaxt itirmədən sinifdən çıxmağa başladıq. Fatma və Bənövşə də təlaşla özlərinə yoldaş axtarırdı. Gah onun, gah bunun yanına gedir, hər kəsdən eyni cavabı alırdılar: “Mən dəstə yoldaşımı artıq seçmişəm”.

Nəhayət, sinif boşaldı, içəridə bu iki qızdan və müəlliməmizdən başqa, heç kim qalmadı. Biz qapının qarşısında sıraya düzülüb dayanmışdıq. Bənövşə və Fatma isə bir-birinə baxırdı. Müəlliməmiz tapşırdı ki, həyətə çıxıb orada gözləyək. Biz də qapının yanından ayrıldıq. Bir müddət həyətdə gözlədik. Ürəyimizdə: “kaş barışaydılar”, – deyə dua edirdik.

Bir qədər keçmiş, gördük ki, iki rəfiqə müəlliməmizin qarşısında əl-ələ tutub gəlir. Bu mənzərə bizi gəzintidən çox sevindirdi. Dərhal yanlarına qaçıb onları təbrik etdik. Təzə rəfiqələr kimi səssizcə məktəbin çıxışına qədər getdilər. Ancaq bu sükut uzun çəkmədi. Neçə gündür, danışmamışdılar, ürəkləri dolu idi. Elə gəzinti boyunca da ən çox danışan, ən çox gülüb əylənən onlar oldu. Biz isə onların xoşbəxt tamaşaçıları…