cloud2
cloud1
cloud3
cloud4

Şam işığı

22.04.2016 , 389 dəfə baxılıb.


Elektrik enerjisinin kəsilməsi ilə bütün şəhər zülmət qaranlığa bürünmüşdü. Bir neçə dəqiqə sonra evlərin pəncərələrindən zəif şam işıqları görünməyə başladı. Sadiqgilin evində də şam axtarma təlaşı var idi. Atası anasının gətirdiyi şamı yandırarkən Sadiq deyindi:
– Of!.. Bircə bu çatmırdı. Bir azdan ən çox sevdiyim serial başlayacaq. Ata, nə olar, işıqların yanması üçün bir şey elə. Bugünkü seriyaya mütləq baxmalıyam.
Bir qədər sonra Sadiqin bacısı Mələk şamın aydınlatdığı otağın qapısında göründü. Onun da ev tapşırığı yarımçıq qalmışdı. Sonra Sadiqin böyük qardaşı İlkin: “Elektriksiz kompüter işləmir, görəsən, işıqlar nə vaxt yanacaq?”−dedi və otaqdakı divanda oturdu.
Məmməd şam işığında ətrafına yığışmış uşaqlarına və həyat yoldaşına baxdı. Neçə vaxt idi ki, axşamlar bir yerə toplaşmırdılar. Bu, onu çox sevindirdi. Elə bu vaxt uşaq olarkən çıraq işığında keçirdiyi gecələr yadına düşdü və həmin unudulmaz xatirələri ailəsi ilə bölüşmək qərarına gəldi:
− Uşaqlar, bilirsiz, mən sizin yaşınızda olanda kəndimizdə elektrik yox idi.
Elə bu zaman kiçik oğlu Sadiq yerindən atılaraq:
− Elə isə, yəqin, o vaxtlar televizor da olmayıb. Ata, televizorsuz adamın ürəyi çox sıxılar.
Məmməd oğlundan bu sözləri eşidəndə fikrə daldı, başa düşdü ki, uşaqlıq xatirələri haqqında övladlarına kifayət qədər məlumat verməyib:
− Yanılırsan, oğlum. Əslində, o günlər mənim üçün çox əzizdir. Gündüzlər bəzən oyun oynayar, bəzən də işlərimizi görərdik. Axşam hava qaralanda isə evə gələrdik. Hər evdə neft lampaları olardı. Neft lampalarının işığında yemək yedikdən sonra çay içərdik. Böyüklər çaylarını içə-içə çox maraqlı söhbət edərdilər. Biz uşaqlar isə nənəmizin başına yığışar, ondan bizə nağıl danışmasını xahiş edərdik. Nənəmizin nağılları bizim çox xoşumuza gələrdi. Bəzən də özümüzü o nağılların qəhrəmanı kimi hiss edərdik. Nənəmizin şirin nağıllarını dinləyə-dinləyə yuxuya gedərdik.
Atasının danışdığı xatirə Sadiqə çox maraqlı gəlmişdi. Məmməd oğlunun marağını görüb nənəsindən eşitdiyi bir nağılı danışmaq qərarına gəldi. Elə bu zaman həyat yoldaşı da çayları gətirdi. Sadiq atasını dinləyərkən serialı çoxdan unutmuşdu. Nağıl bacısı və böyük qardaşının da çox xoşuna gəldi.
Bir tərəfdən atalarına qulaq asır, digər tərəfdən də çaylarını içirdilər. Nağıl qurtarınca hamı bir ağızdan atadan təzəsini istədi. Ancaq Məmməd bütün nağılları bir dəfəyə danışıb qurtarmaq fikrində deyildi. Buna görə də “Kölgə” oyunu oynamağı təklif etdi. Uşaqlar bu oyunu heç vaxt oynamamışdılar.
Məmməd şamı divara yaxınlaşdırdı, sonra onun işığında əli ilə divara müxtəlif formalı kölgələr saldı. Əllərinin divardakı kölgəsi əvvəlcə bir quşa, sonra isə dovşana oxşadı. Bütün bunlar uşaqlarının çox xoşuna gəldi.
Atalarından sonra onlar da əlləri ilə şam işığında müxtəlif şəkillər “çəkdilər”. Hətta bir qədər sonra divara düşən bu kölgələri danışdırmağa başladılar. Sonra da xoş bir söhbətə başları qarışdı. Beləcə, bütün ailə şam işığında xoş bir gecə keçirdi.
Məmməd belə bir təklif etdi:
− Madam ki bu gecəni hamınız bəyəndiniz, gəlin bunu hər həftə təkrar edək. Həftədə bir gecə bütün işıqları söndürək, şamları yandırıb bu otaqda toplaşaq. Çay içə-içə söhbət edək.
Hamı bununla razılaşdı. O gündən sonra bütün ailə həftədə bir dəfə bir yerə yığışaraq şam işığında gözəl vaxt keçirdi.