cloud2
cloud1
cloud3
cloud4

Reyhan

20.04.2016 , 413 dəfə baxılıb.


Bu gün bazar ertəsidir. Hər kəs dərsdədir Reyhandan başqa. Görəsən, nə üçün dərsdən qalıb? Bəlkə, atası gəlib? Axı çoxdandır, atası başqa ölkədə idi. Nə bilim, bəlkə, qonaqları gəlib? Deyəsən, xatırladım nə üçün gəlmədiyini…
Hə, hə, bildim. Axı bu gün bazar ertəsidir. Deyəcəksiniz ki, nə olsun? Bazar ertəsi olanda dərsə gəlmirlər bəyəm?!
Haqlısınız. Amma Reyhanın maddi vəziyyəti yaxşı deyil. Belə ki, birinci günlər əlavə məşğələ keçirilir. Ona görə də biz məktəbdən çıxanda hava çoxdan qaralmış olur. Şagirdlərin əksəriyyəti məktəb avtobusuna minib rahatlıqla evinə gedir. Reyhan isə piyada getməli olur. Çünki ailəsinin məktəb avtobusuna verməyə pulları yoxdur. Və evləri məktəbdən çox uzaqdır. Piyada getsən, düz bir saatlıq yoldur. Üstəlik, ayaqqabıları da köhnədir. Bəlkə də, deşilib, su keçirir.
Hər həftənin birinci günü belə olurdu. Dərslərdən də geri qalırdı. Onun əvəzinə mən narahat olurdum.
Bir gün dərsdən çıxıb evə gedənə qədər elə hey onu fikirləşdim. Atam evə gələn kimi yanına qaçdım. Salam-kalamdan sonra Reyhan haqqında danışdım. Söhbətimin axırında özümü saxlaya bilməyib ağladım.
Atam başımı sığallayıb:
− Ağlama, qızım. Bir çarə tapılar, – dedi.
Sevincək atamın üzünə baxdım. Göz yaşlarımı silib atamı qucaqladım.
Bir qədər düşünəndən sonra atamın ağlına bir fikir gəldi:
− Sabah məktəb müdiri ilə danışaram. Yəqin, bir əlac edərlər.
Bu sözləri eşidəndə sevindiyimdən atamı bərk-bərk qucaqlayıb öpdüm.
Səhəri gün atam mənimlə məktəbə gəldi. Mən sinfimizə yollandım, o da müdirin yanına qalxdı.
Həyəcandan yerimdə dayana bilmirdim. Sinifdə hey gəzişirdim. Zəng vuruldu. Müəllim sinfə girdi. Keçib yerimdə əyləşdim. Amma otura bilmirdim. İçim içimə sığmırdı. Kim iləsə danışmalıydım. Yanımda oturan Səbinəyə deyə bilərdim. Ancaq o da diqqətlə müəllimi dinləyirdi.
Tənəffüsə çıxan kimi hər şeyi sirdaşım Səbinəyə danışdım. O da mənim kimi həyəcanlandı.
Həmin gün atam işdən evə qayıdana qədər özümə yer tapa bilmədim. Nəhayət, atam gəlib çıxdı. Onun boynuna sarılıb soruşdum:
− Atacan, nə oldu, müdirimiz nə dedi? Bir qərara gələ bildiniz?
Atam bir qədər susdu. Ancaq üzündən anlayırdım ki, nə isə yaxşı xəbər deyəcək. Elə də oldu. Divanda əyləşdi:
− Narahat olma, qızım, müdirinlə danışmışam. O da müəllimlərlə görüşüb bir qərara gələcək. Ümid edirəm ki, sabah hər şey yaxşı olacaq.
Sevincdən atamın boynuna sarılıb onu öpdüm. O da məni bağrına basdı.
Həyəcandan həmin gecə gözümə yuxu getmədi. Səhər məktəbə çatanda Səbinə yüyürərək yanıma gəldi. Əli ilə məktəb avtobusunu göstərib: “Reyhana bax”, − dedi. Sevincdən gözlərimdən yaş gəldi. Artıq Reyhan da məktəb avtobusu ilə gedib-gələcəkdi. Allah əziyyətimizi hədər etmədi.