cloud2
cloud1
cloud3
cloud4

Qurd qocalanda

18.06.2016 , 562 dəfə baxılıb.


   Günlərin bir günündə bir çaqqal meşədə dolaşırdı. Xeyli gəzmişdi ki, qoca bir qurda rast gəldi. Qurd o qədər qocalmışdı ki, lap əldən düşmüşdü. İndi həyatdan heç nə gözləmirdi. Əlinə nə keçsə, yeyir, birtəhər keçinirdi. Amma əvvəllər belə deyildi. Qurdun qoxusunu alan kimi çaqqallar tir-tir əsir, aradan çıxırdılar.

Artıq qocalmışdı. Ona görə də çaqqal onu heç vecinə də almırdı. Bir vaxtlar canını dişinə tutub qaçsa da, indi qurdu ələ salır, saymazyana dolaşırdı.

Bir gün çaqqal qurda dedi:

─ Xeyir ola, qurd qardaş, nə gəzib-dolaşırsan? Mənə bir az da yaxın gəlsənə. Siz qurdlar dağları titrədib lərzəyə salar, obalara enməzdiniz. İndi nə oldu? Bir de görək, niyə gəldiniz buralara?

─ Çaqqal, atalarımız yaxşı deyib: “harda günün xoş keçirsə, ora sənə vətəndir”. İndi əvvəlki kimi ova çıxa bilmirəm. Yaman qocalmışam.

─ Yox, qurd ağa, sizin haranız qocadır? Belə düşünməyin. Siz qurd oğlu qurdsunuz! İstəsəniz, axsaq bir ceyranı ovlaya bilərsiniz.

─ Mənimlə belə danışmağın qocaldığımı göstərmirmi? Bunu bildiyinə görə sən də yanımdan ayrılmırsan.

─ Yox, qurd ağa, xətrinizə dəydimsə, üzr istəyirəm. İstədim, sizinlə bir az söhbət edim.

Gör qoca qurd nə hala düşüb, aman Allah, qəlbim parça-parça oldu.

Çaqqal sözü qəsdən uzadırdı ki, qurdu ələ salıb əylənsin. Qurdun səbri tükəndi. Söhbətə son qoymaq istədi. O, çaqqalın niyyətini əvvəldən hiss eləmişdi:

─ Bura bax, dostum. Sənin də gönün dəyərli olsaydı, ovçular sənin də arxanca düşərdi. Sən mənim dərdimi çəkmə. Mən qoca olsam da, birtəhər başımı girələyərəm. Ancaq sənə bir sözüm var, yaxşı yadında saxla.

─ Buyurun, son sözünüzü də deyin. Qulaq asıram.

─ İndi ki belədir, qulaqlarını aç, yaxşı-yaxşı eşit: Elə ki qurd qocaldı, düşdü dillərə, qocalıq gələcək sizin də ellərə.