cloud2
cloud1
cloud3
cloud4

Odun

20.06.2015 , 591 dəfə baxılıb.


Günortadan sonra başlayan qar sakit-sakit yağırdı. Qəsəbə camaatı gündüzdən bazarlığını et­miş, evlərinə çəkilmişdi. Uzun bir qış gecəsi başlayırdı. Dəmirçi, market, çörək və odun dükanlarından başqa açıq yer qalmamışdı.

Marketdən bir müştəri çıxdı. Ağır addımlarla odun dükanının qarşısından keçərkən Seyfəddin dayıya salam verdi. Qoca odunçu telefonla danışırdı. Salama əlini qaldıraraq cavab verdi. Telefonun dəstəyini yerinə qoydu. Bir-iki saniyə götür-qoy etdikdən sonra vaxt itirmədən köməkçisi Həsənə səsləndi:

─ Oğlum, tez maşına odun yüklə. Dərzi Mustafaya odun aparacağıq.

Həsən bir Seyfəddin dayıya, bir də çöldəki havaya baxdı. “Yəni bu havada…”

Seyfəddin dayı çoxdan paltosunu geyinmiş, qapının ağzında dayanmışdı. Üzünü sanki cavab gözləyən köməkçisinə çevirdi:

─ Odunlarını oğurlayıblar.

Həsən ustasının yanına gəldi. Təəccüblü baxışlarla dilləndi:

─ Bəs heç kim görməyib?

─ Evdə heç kim yox imiş. Bayaq şəhərdən qayıdanda görüblər.

Həsəni heyrət bürüdü. Bu, qəsəbədə görülməmiş bir hadisə idi. Kim edərdi bu oğurluğu?

Bir qədər sonra odun yüklü maşın çətinliklə meydana çıxdı. Yoxuş aşağı enərkən Həsən ol­­duqca narahat idi. Hər an sürüşüb qara bata bilərdilər.

Yol boyunca düzülən evlərin lampaları yanırdı. Seyfəddin dayı maşının qızdırıcısından gələn istiliklə əllərini isitməyə çalışdı. Maşının içi nisbətən isti idi. “Bəs bu soyuqda evlərində odun olmayan insanlar nə etsin?” deyə düşündü Seyfəddin dayı. “Bu qış günündə soyuğa necə dözürlər?” O, bunları düşünə-düşünə yol boyunca düzülmüş evləri gözü ilə yoxlayırdı.

Axşamın qaranlığında maşın keçdiyi küçəni işıqlandırdı. Həsən qazı basdı, təkərlər sürüşdü. Maşın bir-iki dəfə irəli-geri getdikdən sonra yola düşdü. Seyfəddin dayı dərin bir nəfəs aldı: “Allahım, Sənə çox şükür!” Sonra da: “Dərzi Mustafanın evi bu küçənin axırındadı. Çatırıq”, – dedi və pəncərədən çölü seyr etməyə başladı. Damlar ağappaq örtüyə bürünmüş, isti evlərdə insanlar istirahət edirdilər. Qış insanları bir yerə toplamışdı.

Seyfəddin dayı axşamın bu gözəlliyinə tamaşa edirdi. Birdən yerindən doğruldu. Şüşəni açıb başını pəncərədən çölə çıxardı. Həsən təəccübləndi. Şaxta bir anda maşının içinə doldu. Elə bil soyuq Seyfəddin dayıya təsir eləmirdi:

─ Dayan, oğlum. Dayan görüm.

Həsən elə bildi ki, nəsə bir qəza olub. Əyləci basdı. Maşın buzun üstündə təxminən bir metr sürüş­dükdən sonra dayandı. Dayanması ilə Seyfəddin dayının maşından düşüb qaçması bir oldu. Həsən də qorxu ilə maşından düşdü. Maşının sağına-soluna nəzər saldı. Heç bir qəza olmamışdı. Bu dəfə Seyfəddin dayını axtarmağa başladı. Qar sakit-sakit yağarkən canlı-cansız hər şey pıçıltı ilə dua edirdi.

Həsən Seyfəddin dayının yanına çatanda nəfəsi kəsilmişdi. Seyfəddin dayı birmərtəbəli evin önündə dayanmışdı:

─ Bacasından tüstü çıxmır, – deyib bağça qapısını açdı.

─ Bu ev kimindir?

─ Sürücü Musanın. Təzə köçüblər bura. Özü bir həftədir ki, burda deyil.

Seyfəddin dayı qapını döymək istədi. Lakin əli ilə toxunan kimi qapı açıldı. Əyninə qat-qat paltar geyinmiş, soyuqdan əlləri və üzü qızarmış Fatma rəngi solmuş gözlərlə:

─ Buyurun, – dedi.

Onun titrəyən halına Seyfəddin dayı dayana bilmədi:

─ Bu nə haldı, qızım?

Fatmanın gözləri dolmuşdu. Soyuqdan üşümüş, əlləri, yanaqları buz kimi olmuşdu. Danışmağa halı yox idi. Qapının səsini eşidən üç uşaq da örtülərə bürünmüş vəziyyətdə analarına sığındılar. Fatmanın gözlərindən yaşlar axmağa başladı. Özünü ələ alandan sonra cavab verdi:

─ Heç soruşma, dayı. Bir az odunumuz vardı, onu da oğurlayıblar. Heç kimə də deyə bil­mədim.

Seyfəddin dayı uşaqların başını oxşayandan sonra üzünü Həsənə çevirdi:

─ Maşını yaxına ver. Odunların yarısını bura boşaldaq. Bu evin bacasından tüstü çıxmadan burdan gedən deyilik.

Bunu eşidən Fatma dedi:

─ Yox, mənim pulum yoxdu axı.

─ Ay qızım, səndən pul istəyən var? Musa gələndə hesablaşarıq.

Seyfəddin dayı evin qabağına yanaşan maşının arxasını açdı. Odun kisəsini belinə alıb birbaş sobanın başına getdi. Odunları ehmal­ca yerləşdirib sobanı yandırdı. Yarım saat keçmədən evin içi isinməyə, uşaqların üzü də gül­məyə başladı. Seyfəddin dayı sevindi. Çıxarkən Fatmaya dedi:

─ Qızım, sabah dükana gəl. Birlikdə polisə gedək. Oğrular mütləq bir iz buraxıblar. İnşallah tezliklə tutarlar onları.

Külək bərkiyir, qar sakitcə yağır, Seyfəddin dayı yenə çölə göz qoyurdu. Görəsən, bacasın­dan tüstü çıxmayan başqa ev yox idi ki? Yox idi. Artıq qəsəbənin bütün bacalarından tüs­tü çıxır, uşaqlar sobaların kənarlarında oynayırdılar. Seyfəddin dayı rahat bir nəfəs aldı. Gözlərini qıyıb Həsənə səsləndi:

─ Sür, oğlum. Hələ dərzigilə də getməliyik.