cloud2
cloud1
cloud3
cloud4

Nadinc aslan balası

23.04.2016 , 364 dəfə baxılıb.


Biri vardı, biri yoxdu. Meşənin şahı aslanın nadinc bir balası vardı. Bu bala aslan evdə nə vardısa, hamısını qırıb-dağıdırdı. Anası və atası onun bu ərköyünlüyünə çətin də olsa, dözürdülər. Neyləyə bilərdilər, övlad şirin şeydir axı.
Bala aslan məktəb yaşına çatdı. Valideynləri onu böyük ümidlə məktəbə göndərmək qərarına gəldilər. Fikirləşdilər ki, bəlkə də, məktəbdə elm öyrənib ağıllanar, bu ərköyünlüyündən əl çəkər.
Valideynləri bala aslana lazım olan bütün məktəb ləvazimatlarını alıb onu məktəbə yola saldılar. Beləcə, ərköyün aslan balası məktəb həyatına başladı.
Bala aslan məktəbin elə ilk günü avtobusda iki yoldaşını döydü. Onları ağlatdığı bəs deyilmiş kimi, ona məsləhət verməyə çalışan sürücü tülküyə qarşı da dikbaşlıq etdi. Tülkünü bu hərəkətinə görə atasına şikayət etməklə hədələdi. Tülkü də öz-özünə: “Bu yaramaza görə işimi itirməklə nə qazanaram?!” − deyib qarışmadı.
Aslan balası düzələnə oxşamırdı.Tənəffüsdə tovuzquşunun lələklərini yoldu, qarğanın dimdiyini iplə sarıdı, zebranın başına sillə vurdu, ayının da ayağını tapdaladı. Sinif yoldaşları dərslərini təkrarlayanda qəfil nərə çəkib onları bərk qorxutdu. Dərs zamanı bərkdən qışqırıb dərsi pozdu. Müəllimi Bayquş dərsi niyə pozduğunu soruşduqda lovğa əda ilə: “Səhər yeməyində boğazıma ceyran sümüyü batıb, onu çıxarmağa çalışıram”, − dedi.
Bu sözləri deyə-deyə qabaq partada oturan ceyranı möhkəm dümsüklədi. Yazıq ceyran yerindan dik atıldı. Nadinc aslan balası gülərək: “Qorxma, qorxma! Sən sinif yoldaşımsan, sənə bir şey eləmərəm”, − dedi.
Elə ilk gündən aslan balası haqqında çoxlu şikayət olduğunu görən direktor Zürafə onun valideynləri ilə görüşmək qərarına gəldi və nadinc aslanın anasına zəng etdi. Ancaq ana aslan uşağı haqqında deyilənlərin heç biri ilə razılaşmadı və bir daha bu məsələyə görə narahat edilmək istəmədiyini də bildirdi.
Hətta ana aslan direktor Zürafəni hədələyərək dedi:
– Mənim oğlum belə işlər görməz. Aslan olduğuna görə bəzi uşaqları azca incidə bilər, bu da təbii bir haldır. Bəs nə bilmişdiniz, sizcə, bir aslanla dost olmaq asan işdir? Biz də elə bilirdik, sizin məktəb başqa məktəblərdən yaxşıdır. Sizdən jurnalist meymunlara da şikayət edəcəm. Qoy bütün meşə əhalisi sizin kim olduğunuzu bilsin.
Direktor nə deyəcəyini bilmədi. Əlacsız qalıb telefonun dəstəyini asdı və bu vəziyyətdən çıxış yolu axtarmağa başladı.
Ertəsi gün məktəbə yeni bir şagird gəldi. O, bu əraziyə təzəcə köçmüş fil ailəsinin övladı idi. Üstəlik, bu bala fil nadinc aslan balası ilə eyni partada əyləşdi. Aslan balası filin də dərsini vermək qərarına gəldi. Fikirləşdi ki, fil ona heç nə edə bilməz.
Elə ilk tənəffüsdə fil balasının quyruğunu dişlədi. Bala fil ucadan qışqırdı. Səsini eşidənlər elə bildi ki, məktəbdə yanğın siqnalı verildi. Əsəbiləşən fil balası aslanı yaxşıca əzişdirdi. Bütün heyvanlar bu hadisəyə qəhqəhə çəkib güldülər. Bala aslanın belə döyülməyi onların lap ürəyincə olmuşdu.
Bala aslan biabır olduğunu görüb vəziyyətdən çıxmaq üçün nərə çəkib qışqırmaq istədi. Amma nə qədər çalışsa da, bədəninin ağrısından səsi çıxmadı. Üzünü bala filə tutub dedi:
– Neyləyirsən, dostum. Az qala, məni şikəst edəcəkdin.
Bala fil də öz cavabında: “Sən də, az qala, mənim quyruğumu yerindən qoparacaqdın. Nə istəyirdin quyruğumdan?” − dedi və aslanın üstünə cumdu.
Aslan balası da filin heybətindən və gücündən qorxaraq onu sakitləşdirmək üçün: “Yaxşı, yaxşı, əsəbiləşmə, zarafat edirdim”, − dedi və üst-başını təmizləyə-təmizləyə ayağa qalxdı.
Bala aslan evə gələndə bu hadisə haqqında heç kimə bir söz demədi. Bütün bədəni də ağrıdığına görə həmişəki kimi qaçıb-oynaya da bilmədi.
Beləliklə, nadinc aslan balası özündən daha güclülərin olduğunu görüb bir daha sinif yoldaşlarını incitməməyə söz verdi və çox keçmədən heyvanlarla dostlaşdı.