cloud2
cloud1
cloud3
cloud4

Lovğa siçan və təvazökar dəvə

20.06.2016 , 821 dəfə baxılıb.


Elə hesab etmə ki, təvazökar insanlar sadəlövhdürlər. Əsl böyüklük böyük olduğun halda kiçik görünməkdir. Əsl kiçiklik isə kiçik olduğun halda böyük görünməyə çalışmaqdır.

Balaca siçan özündən neçə dəfə böyük olan dəvənin noxtasından tutub lovğa-lovğa irəliləyirdi.

Dəvə adəti üzrə aram-aram yoluna davam edir, siçan da: “Mən nə qədər də qoçağam!” – deyib özündən razı halda öyünürdü. Siçanın lovğalandığını sezən dəvə ona bir ibrət dərsi vermək qərarına gəldi.

Bir müddətdən sonra siçanla dəvənin qarşısına böyük bir çay çıxdı. Siçan çayın kənarında dayanıb matdım-matdım baxmağa başladı. Bunu görən dəvə sərt şəkildə siçana dedi:

– Ey çöldə-biyabanda mənə yoldaşlıq edən siçan, niyə dayandın? Özünü niyə itirdin? İgid kimi  gir suya, axıra qədər bələdçi ol. Nə ağzına su alıb yolun ortasında durmusan?!

Siçan belə cavab verdi:

– Çay böyükdür, su da ki dərin, heç keçiləsi də deyil. Ay yol yoldaşım, suyun içində qalıb boğularam axı.

Dəvə:

– Dayan görüm, baxım, suyun dərinliyi nə qədərdir, – deyib ayağını suya saldı, siçana, – ay maymaq, görmürsən, su dizdəndir? Nə tez qorxub geri çəkildin?! – dedi:

– Sənə qarışqa kimi görünən şey bizim gözümüzdə əjdahadır. Dizdən dizə fərq var. Su sənin dizindən olsa da, məni əlli-ayaqlı aparar.

Bunu eşidən dəvə:

– Elə buna görə də lovğalanıb özünü yuxarıdan aparma! Sən özünü get taylarınla müqayisə elə, dəvələrlə yox! – deyə siçana həddini bildirib yaxşı bir dərs verdi.

Siçan əməlindən utanıb tövbə etdi və dəvəyə yalvarmağa başladı:

– Allah rizası üçün məni bu dərin sudan keçir, nə olar…

Dəvənin siçana yazığı gəldi:

– Yaxşı, gəl çıx hörgücümdə otur, səni çayın o biri tərəfinə keçirim. Suyu keçmək mənim üçün heç nədir. Burdan sənin kimilərini çox keçirmişəm, – dedi və siçanı o biri sahilə keçirdi.