cloud2
cloud1
cloud3
cloud4

Həsən babanın heybəsi

10.06.2016 , 400 dəfə baxılıb.


Həsən baba gülərüz, təmizürəkli bir insan idi. İnsanlara yardım etməyə ərinməz, yaxşılıqdan başqa, bir şey düşünməzdi. Bir gün baxıb gördü ki, şəhər əhalisi yavaş-yavaş pis işlərə meyil edir. Düşündü ki, onlara gözəl bir dərs versəm, yaxşı olar. Əlinə bir əsa, çiyninə bir heybə alıb küçəyə çıxdı. Yeriyə-yeriyə var gücü ilə qışqırdı:

– Yaxşılıqları alıram, pislikləri satıram! Çərçi  gəldi, çərçi!

Onu bu halda görən camaat lap məəttəl qaldı. Təəccüblə:

– Özünü niyə bu hala salmısan, Həsən baba? Çərçilik hardan çıxdı? Belə də çərçilik olar? Üstəlik, heç kim sənə yaxşılığını satmaz, sənin pisliyini də almaz, – dedilər.

Həsən baba heybəsini düzəldib cavab verdi:

– Heç soruşmayın! Mənim dərdim bu heybə ilədir. Bu heybənin arxa gözünə etdiyim yaxşılıqları, qabaq gözünə isə pislikləri qoyuram. Pisliklər artdıqca belim bükülür, əsa olmadan yeriyə bilmirəm. Ona görə də pislikləri satıb yaxşılıqları almaq istəyirəm.

Şəhər camaatı Həsən babanın halına acıyıb ona ağıl verməyə başladı:

– Ay Həsən baba, burda çətin nə var ki?! Madam heybənin qabaq gözünə görə bu qədər əziyyət çəkirsən, yerini dəyişdir!

Həsən baba kinayə ilə acı-acı gülümsəyib dedi:

– Bir dəfə dəyişdirdim! Onda halım daha da pisləşdi. Heybənin qabaq gözündəki yaxşılıqlara aldanıb daha çox  pis əməl işləyirəm. Bu dəfə heybənin arxa gözündəki yük
o qədər ağırlaşır ki, belim arxaya doğru bükülür. Onda da geri­geri getməyə başlayıram. Siz mənim dərdimə qalmayın, öz heybənizin gözlərinə fikir verin!

Camaat kinayə ilə dilləndi:

– Sənin gözlərinə xəyal görünür, Həsən baba! Səndəki kimi bizim çiyinlərimizdə heybə yoxdur.

Həsən baba bir az düşündükdən sonra:

– Dostlar, – dedi, – mənimki kimi görünməsə də, əs­lində, hər kəsin bir heybəsi var. Siz yenə də diqqətli olun!

Camaatın bir qismi:

– Vay-vay! Həsən baba boş yerə danışmır. Bəlkə də, sağımızdakı, solumuzdakı mələkləri deyir, –  deyib əməllərini gözdən keçirdi.

Camaatın bir qismi isə:

– Vay-vay, yazıq Həsən baba həm sağlığını, həm də ağlını itirib, – deyib onun sözlərinə məhəl qoymadı.

İnsanların bəziləri dərin-dərin düşünməkdə, bəziləri boş-boş danışmaqda olsun, Həsən baba yenə də yoluna davam etdi:

– Çərçi gəldi, çərçi! Yaxşılıqları alıram, pislikləri satıram! Çərçi gəldi, çərçi! Hər kəs öz heybəsinə diqqət etsin!