cloud2
cloud1
cloud3
cloud4

Gözlərimə bax

22.02.2016 , 351 dəfə baxılıb.


De görüm məni tanıyırsan? Adım Əlidir. Şəhərin ucqar yerində kiçik bir evdə yaşayıram. Əsmər üzlü bir anam var. Bir az mənə, qonşulara, hər kəsə qarşı əsəbidir…

Bu yaxınlarda nənəmin bağçasına getmişdik. Gəlinbacı yeməkdən sonra qabları bağçadakı əlüzyuyanın yanına yığmışdı. Qablar ətrafa dağıldı. Anam çox əsəbiləşdi… Bir az da qəmləndi.

Bu gün də kədərlidir. Qonşumuz Bahar xala qapıdan içəri girdi. Əlində bir qab xurma və şirniyyat vardı… Atamın işinin nə yerdə olduğunu soruşmağa gəlmişdi. Danışdılar, danışdılar… Başa düşdüyüm qədər deyə bilərəm ki, anam Bahar xalaya uzun izahat verdi. O, könülsüz halda
bağçadakı quru betonun üstünə çökdü. Atamın işdən çıxarılacağını dedi. Bunu bilirdim deyə bir daha eşitmək istəmədim. “Tikan üstündəyəm, – dedi anam, – bu gün, bəlkə də, son iş günüdür…”

Cırıldayan bağça qapısını açıb küçəyə qaçdım. Sonra qapının kənarında durdum, fikrim onların yanında idi. Qulaqlarım nələr eşitmişdi bu yaşda. “Bilirsən? – deyirdi anam. Səsi titrəyirdi, – bax hər axşam uşaq məndən yemək istəməsin deyə hava qaralan kimi otağıma çəkilirəm. Gizlənirəm. Ona yemək yoxdur deməmək üçün… Onun ac olduğunu eşitməmək üçün…”

Burnunu çəkdi anam. Mən yanaqlarımı sildim. Qonağımız dərindən köks ötürdü. Yəqin, hələ də ayaq üstəydi. Mənim kimi dinləyirdi. “Uşağının qabağına qoymağa bir kasa şorba, bir dilim çörəyin yoxsa, əlindən nə gəlir ki?” – deyəndə artıq hıçqırırdı anam. Səsimi eşitməsinlər deyə qaçaraq uzaqlaşdım qapıdan. Uzaqlara qaçıb doyunca ağladım.

İndi bunu sənə niyə danışdım, bilirsən? Hər axşam qabağına gələn yeməyə üzünü turşudanda, “Yenə bu yemək?” – deyib dodaqlarını büzəndə, “Bilmirsiniz ki, bundan xoşum gəlmir?!” – deyib qışqıranda məni xatırla, yaxşı? Sonra işdən çıxan atamı, sonra axşam düşəndə məndən qaçan anamı, sonra başqa ölkələrdə aclıqdan ölən uşaqları… heç olmasa bircə dəfə gözlərinin önünə gətir…

   Və düşün; bu hərəkətinin yaxşı hərəkət olub-olmadığını! Sən ac deyilsənsə, elə bilmə ki, hamının qarnı toxdur. Unutma ki, hələ də yoxsulluq çəkən insanlar var bu dünyada. Şəhərin əldən-ayaqdan uzaq küçələrində axtar bizi. Daxmalarda, uçuq-sökük evlərdə… Gəl və bir dəfə gözlərimizə bax! Sonra nə edirsən, et…