cloud2
cloud1
cloud3
cloud4

Gözəllik yarışı

21.04.2016 , 421 dəfə baxılıb.


Biri vardı, biri yoxdu. Bir ildə üç yüz altmış beş gün, on iki ay, dörd fəsil vardı. Günlər həftələrin, həftələr ayların, aylar da fəsillərin içində axıb gedirdi.
Bir gün fəsillər bir yerə yığışıb ordan-burdan söhbət edirdi. Söhbət hərlənib-fırlanıb fəsillərin gözəlliyindən düşdü. Hər fəsil özünün hamıdan gözəl olduğunu iddia etməyə başladı. Hər kəs özü haqqında yağlı təriflər söylədi.
Qış özünü hamıdan çox təriflədi. Dedi ki, ən gözəl fəsil mənəm. Mən gələndə hər tərəf ağappaq süd kimi olur. Mən gəlməsəm, qar yağmaz. Uşaqlar nə qartopu oynayar, nə qardan adam düzəldər, nə də xizək sürə bilərlər. Üstəlik, başqa vaxtlarda uşaqlara uzun qış gecələrindəki kimi şirin nağıllar danışan da olmaz.
Qışın bu dediklərinə başqa fəsillər səs-küylə etiraz etdilər. Elə bu vaxt Bahar dilləndi:
− Uşaqların ən çox sevdiyi fəsil mənəm. Mən gələndə otlar göyərir, hər tərəfdə gözəl güllər açır, havalar isinir. Uşaqlar bağçaya oynamağa çıxır. Hər yanda naxışlı kəpənəklər, müxtəlif həşəratlar uçuşur.
Baharın özünü çox təriflədiyini görən Yay fəsli söhbətə qarışdı:
− Meyvələrin çoxu məndə yetişir. Albalı, qarpız, alma, ərik – nə meyvə deyirsiniz, məndə var. Dondurma deyirsiniz, o da məndə var. Hələ tərəvəzləri demirəm.
Yay bütün meyvə-tərəvəzin adını sayıb-tökürdü ki, Payız dözməyib onun sözünü kəsdi:
− Mən gələndə məktəblər açılır, quşlar köç edir, qurumuş yarpaqlar tökülür. Küçələrin tozu süpürülüb tərtəmiz edilir. Mən olmasam, qabaqdan soyuq günlərin gəldiyini kim xəbər verər?
Söhbət getdikcə qızışıb mübahisəyə çevrilirdi. Artıq ağız deyəni qulaq eşitmirdi.
Bu söhbəti açan Qış fəsli dedi:
– Dostlar, bir az düşünüb-daşınaq, biz bu cür danışmaqla heç bir nəticəyə gələ bilmərik. Gə­in həftənin sonu hər kəs öz məharətini göstərsin. Yalnız bundan sonra bir qərara gəlmək olar.
Hamı bu təkliflə razılaşdı. Həftənin axırında danışdıqları yerdə görüşdülər. Meydana əvvəlcə Bahar fəsli çıxdı. Mart, Aprel və May ayları da onun yanında idi. Aylar hərəkətə gəldi.
Mart torpağı hərarətləndirdi, ağacları tumurcuqlandırmağa çalışdı. Sonra Aprel ortaya atıldı. Aprelin gözləri yaz yağışları ilə dolu idi. Boynunda rəngarəng bir göyqurşağı vardı. Bir əlində çətir, o biri əlində isə kiçik bir səbət vardı. Səbətin içinə lalə, çobanyastığı, bənövşə və başqa güllər düzmüşdü. Aprel özünün gur yağışlarının macərasından danışdı, uşaqlara çiçəklər hədiyyə etdi. May isə yamyaşıl çəmənliklərlə göründü. Bir əlində də balaca bir çiyələk səbəti vardı.
Sonra növbə Yay fəslinə gəldi. İyunun qarşısında iri bir dondurma dolabı vardı. Əlində böyük albalı səbəti tutmuş, saçlarına isə albalı budaqlarından çələng keçirmişdi. İyul isə yekə bir tut səbəti ilə gəldi. O biri əlində də ləzzətli dondurma vardı. Avqustun əlləri qarpız və yemişlə dolu idi.
Payızın saçları sarı idi. Sentyabrın əlində məktəb zəngi vardı. O, yeni dərs ilinin başlanması üçün ilk zəngi çalmağa tələsirdi. Oktyabrın qucağı sapsarı heyvalarla dolu idi. Noyabrın əlində payız gülləri ətrafa boylanırdı.
Qış quşbaşı yağan qarla birlikdə səhnəyə atıldı. Dekabr buz üstündə sürüşə-sürüşə gəldi. Yanvar ayının çantası hədiyyələrlə dolu idi. Fevral isə palto və şərfə bürünmüşdü. Qış ayları köməkləşib qardan adam düzəltdilər, əlinə də bir süpürgə verdilər. Burun qoymağı, göz qaralamağı da unutmadılar.
Uşaqlar qardan adamı görəndə çox sevindilər və yorulanadək oynadılar. Daha sonra dondurmaları yedilər, albalı, ərik, çiyələk və başqa hədiyyələrdən götürdülər. Sentyabrın zəngini də əlindən alıb məktəbə yollandılar. Ancaq hansı fəslin daha gözəl olduğuna qərar verə bilmədilər.