cloud2
cloud1
cloud3
cloud4

Gənc şah

17.06.2016 , 536 dəfə baxılıb.


Bir zamanlar bütün heyvanların xoşbəxt həyat sürdüyü, gözəlliyi dillərdə məşhur olan bir meşə var idi. Bu meşənin sakinləri öz şahları, şahlar şahı ilə fəxr edir, onu çox sevir, belə bir şahları olduğu üçün Allaha şükür edirdilər. Qoca şah bu ehtiramın əvəzini ödəmək üçün əlindən gələni edir, gecə-gündüz meşə sakinlərinin xoşbəxtliyi üçün çalışırdı.

Günlərin bir günü qoca şah amansız bir xəstəliyə tutuldu. Bütün təbiblər yığışıb bu qərara gəldilər ki, şahı bu dərddən heç bir dərman xilas edə bilməz. Əlacı kəsilən şah gözünün ağı-qarası yeganə oğlunu yanına çağırıb ona belə nəsihət etdi: “Oğlum, mənə yaxşı-yaxşı qulaq as. Artıq ömrümün sonuna az qalıb. Məndən

sonra meşəni sən idarə edəcəksən. Sənə son vəsiyyətimi edirəm: doğruluqdan və yaxşılıqdan qətiyyən ayrılma, heç kimi özündən aşağı görmə”.

Şah bu vəsiyyətindən sonra çox yaşamadı. O da bir heyvan idi. Ölümün qapısı onun da üzünə açılmışdı. Vəfat etdikdən sonra meşənin sakinləri göz yaşları və dualarla əziz şahlarını torpağa tapşırdılar. İndi şah gənc aslan idi. Gənc şah qərara aldı ki, özünə bir gözəl saray tikdirsin. Elə ki saray tikilib qurtardı, özü saraya köçdü, amma yaşlı anasını özü ilə aparmadı. Onu köhnə evlərində tək qoy du. Gənc şah bütün heyvanlara kobud-kobud əmrlər verirdi. Heç kimin boyunu-buxununu, yaşını

vecinə almır, onlara ağır işlər tapşırırdı.

Bir neçə ay keçdi, meşədə xoşbəxt həyatdan əsər-əlamət qalmadı. Gənc şah bunları hiss edirdi. Lakin meşənin bu hala düşməsinin səbəbini başqa şeylərdə axtarırdı.

Bir gün yenə də gənc şah meşə sakinlərinə sərt əmrlər verərkən gözləmədiyi bir şey baş verdi. Kiçik sincab bir addım qabağa çıxıb: “Şahım, icazə versəniz, sizə sözüm var, ─ dedi və belə davam etdi, ─ mənim qoca və xəstə anam var. Bütün günü xəstə anamın qayğısına qalır, qulluğunda durur, həm də sizin verdiyiniz işləri görürəm. Lakin nə anama yaxşı baxa, nə də meşədəki vəzifəmi layiqincə yerinə yetirə bilirəm. Atanız bizə öyüd vermişdi ki, meşədəki və zifənizi layiqincə yerinə yetirin, ata-ananıza daim nəzakətlə davranıb hörmət edin. Özü də bizə əməlləri ilə

örnək olmuşdu. İndi sizdən məsləhət istəyirəm. Mənə bir çıxış yolu göstərə bilərsinizmi?”

Gənc şah əvvəlcə bilmədi ki, nə desin. Çünki sincab ona hörmətsizlik elədiyi doğma yaxınını xatırlatmışdı. Şah: “Anam!”, ─ deyib quş kimi yerindən sıçradı. Bir neçə dəqiqə keçdi. Gənc şah anası ilə birlikdə geri döndü. İndi o, gec də olsa, xətasını başa düşmüşdü. Ağlaya-ağlaya anasından üzr istədi. Bir qədər sonra

gözlərinin yaşını silib üzünü meşə sakinlərinə tutdu:

─ Sizdən çox üzr istəyirəm, yoldaşlarım. Güclü və möhtərəm bir şah olmaq istədiyim halda çox şeyi unutmuşam. Bütün bunları mənə xatırlatdığınıza

görə sizə minnətdaram. Anasına hörmət etməyən şah da olsa, heç kimdən ehtiram

görməz. İndi yaxşı başa düşdüm ki, atam sizə təkcə nəsihət verməyib, həm də öz

həyatı ilə də gözəl örnək olubmuş. Bu gündən sonra anamın xeyir-dualarını alıb sizə gözəl nümunə olmağa çalışacam.

Elə o vaxtdan sonra meşə xoşbəxt həyatına yenidən qədəm qoydu. Çünki anası şaha necə ağırbaşlı və təmkinli davranmağı tez-tez xatırladır, dəyərli məsləhətlər verirdi. Şah da o gündən sonra meşə sakinlərinə yaxşı örnək oldu onların hörmətini qazandı.