cloud2
cloud1
cloud3
cloud4

Əmanət

14.02.2016 , 343 dəfə baxılıb.


Hər il yay tətilində babamın yanına gedər və məktəb açılana qədər orada qalardım. Bir neçə il əvvəl babamgildə idim. Səhər tezdən bağçadakı quyunun köhnəlmiş taxtasının ahəngli cırıltısına yuxudan oyandım.

Yataqdan qalxıb kiçik otağımın pəncərəsindən çarxı ağır-ağır fırlayıb quyudan su çəkən babamı xeyli seyr etdim. Hər dəfə su dolu vedrəni həvəslə götürüb ağacların dibinə tökürdü. Axırıncı vedrələri iri palıd ağacının dibinə boşaldan babam bir əlini ağaca söykəyib uzun müddət ona tamaşa etdi. Sonra həyətə qoyulmuş köhnə divanda oturdu.

Tez-tələsik əynimi geyinib aşağı düşdüm:

– Sabahın xeyir, baba. Yorulmayasan.

– Sağ ol, ağıllı balam.

– Baba, niyə o biri ağaclara bir, bu ağaca isə bir neçə vedrə su verdin? Bu ağac böyükdür, ona görə?

– Bəli. Həm böyük, həm də əmanətdir.

– Əmanət?

– Bəli, əmanət. Şəhid əmanəti.

Gözlərimi babama zillədim. O isə gülümsəyərək dedi:

– Gəl, gəl, yanımda otur. Sən yaşda olardım. Həmin illərdə ölkəmizdə böyük bir müharibə başladı. Cəbhədə silah-sursat çatışmırdı. Buna görə də bütün kəndlər səfərbər olmuşdu. Öküz arabaları ilə cəbhəyə silah-sursat daşıyırdılar. Babam da köməyə getmişdi. Bir neçə həftədən sonra arabasında ağır yaralı bir əsgərlə qayıtdı. Yaralı əsgəri evimizin yuxarı mərtəbəsində bir otağa yerləşdirib müalicə etməyə başladılar.

Babamın söylədiyinə görə, həmin əsgər bölüyə su daşıyırmış. Keçdiyi yerlərə ağac çəyirdəyi əkirmiş. Yaxınlığına düşən bombadan ağır yaralanmışdı. Bölüyündən uzaqda olduğuna görə babam onu evə gətirmişdi.

– Yaralı əsgər o günün axşamı bir az özünə gəldi. Gözlərini açıb baş işarəsi ilə məni yanına çağırdı. Çox həyəcanlanmışdım. Yumulu ovcunu yavaşca açaraq əlində bərk-bərk sıxıb saxladığı palıd qozasını mənə uzatdı. Daha sonra gülümsəyərək ruhunu təslim etdi. Ertəsi gün kənd camaatı göz yaşları və dualarla şəhidi torpağa tapşırdı. Bir yandan döyüşəsən, bir yandan da ağac əkəsən. Əcdadımız vətəni belə könüldən sevirdi. Şəhid haqqa qovuşandan sonra mən də palıd qozasını bura əkdim. Bax o əsgərin o vaxt mənə verdiyi palıd qozası həmin bu ağacdır. Onlar vətəni çox sevirdilər və heç vaxt vətənlərinə xəyanət etməyiblər.

– Xəyanət nə deməkdir, baba?

Babam duruxdu. Ayağa qalxıb dedi:

– Mənimlə gəl.

Yavaş addımlarla yeriməyə başladı. Həyət qapısından çölə çıxdıq. Babamın dalınca gedirdim. Kəndin kənarındakı təpəyə çıxan cığıra çatdıq. Ağır addımlarla təpəyə dırmaşdıq. Təpənin başına çatırdıq ki, babam dayandı. Çəliyi ilə irəlini göstərib dedi:

– Bax xəyanət budur, oğlum.

Gördüyüm mənzərə qarşısında heyrətə gəldim. Kəndə hər dəfə gələndə seyrindən doymadığım, quş səslərini ləzzətlə dinlədiyim yamyaşıl meşə yanıb külə dönmüşdü. Yanıq qoxusu hələ də getməmiş  meşənin içinə girdik. Ətrafda yanmış tısbağa, ilan və quş ölüləri görünürdü. Babam kövrək səslə dedi:

– Bu meşəni bir ay əvvəl əkin yeri eləmək üçün yandırdılar. Bütün kənd yığışıb əsgərlərin də köməyi ilə çətinliklə söndürdü. Bax xəyanət budur, oğlum. Babalardan əmanət qalan bu gözəl meşəni yandırmaqdır, oğlum.

Ağladığını hiss etdirməməyə çalışan babam çəliyi ilə ağac küllərinin üstündə iz buraxa-buraxa addımlayır, mən də bu addımlara baxa-baxa kədərli halda irəliləyirdim.