cloud2
cloud1
cloud3
cloud4

Əbdülqadirin qızılları

09.06.2016 , 400 dəfə baxılıb.


Bir zamanlar sevgi çox idi, nifrət yox idi. Uzun qış gecələrində söhbət bitmək bilmirdi. Bayırda qar yağır, içəridə isə ocaq çırtaçırt yanırdı. Ocağın üstündə də çaydan…

Dəmlənən pürrəngi çaydan içə-içə söhbətə qulaq asırdılar. Bəli, belə söhbət məclislərinin birində Həsən baba:

– Xoş gəldiniz, dostlar! Xoş gəldiniz, dosta könül verənlər! Kəlmələr çiçəkli gül olsun, sözlərimiz pətək-pətək bal olsun, – deyə dilləndi.

Məclisdə olanları gülən gözləri ilə süzüb dedi:

– Məhəmməd kişi, bu gecə sənin növbəndir. Buyur, söhbət elə. Amma mümkünsə, bizə ibrətamiz bir hadisə danış.

Məhəmməd kişi sözə başladı:

“Əvvəllər səfərə çıxmaq indiki kimi asan deyildi. Bəli, bir yerə getmək üçün neçə gün karvan hazırlanırdı. Əşyaları dəvə və atlara yükləyib yola düşürdülər. Yollar heç də rahat, təhlükəsiz deyildi. Bəzən dağların dar keçidlərində pusqu quran quldurlar gəlib-gedən karvanlara hücum edər, qiymətli nə varsa, çapıb-talayardılar.

Günlərin bir günü bir karvan da “Ya Allah” deyib yola çıxdı. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Gəlib dar bir keçidə çıxdılar. Elə bu vaxt pusquda durmuş quldurlar hər tərəfdən tökülüb onların başının üstünü kəsdirdilər. Heç kim qorxusundan yerindən tərpənmədi, heç cınqırını da çıxartmadı. Quldurbaşı Zaroğlu qəzəblə qışqırdı:

– Hamı qızılını, gümüşünü öz xoşu ilə çıxarsın.

Heç kim pul çıxarmadı. Hamı:

– Biz qərib yolçularıq. Qızılımız, gümüşümüz nə gəzir?! – deyib gileyləndi.

Bircə uşaq:

– Mənim qurşağımda üç qızılım var, – dedi.

Zaroğlu yolçulardan heç nə çıxmadığını görüb qəzəbləndi. Onların üst-başlarını axtaranda kisə-kisə qızıl tapdılar. Lakin uşağın hərəkəti Zaroğlunun gözündən yayınmamışdı.

– Ey, balaca, sənin adın nədir? – deyə soruşdu.

– Adım Əbdülqadirdir, – deyə cavab verdi yaraşıqlı uşaq.

– Yaxşı, Əbdülqadir, bəs biz səni məcbur etmədən nə üçün qurşağında qızıl olduğunu söylədin?

– Anam: “Nəbadə, nəbadə, birdən yalan söyləyərsən!” – deyə həmişə mənə xəbərdarlıq edirdi. Üç qızıla görə yalan danışa bilməzdim.

Uşağın dürüst davranışı və ağıllı sözləri Zaroğluya bərk təsir etdi. Mənalı baxışlarla bir uşağa, bir yolçulara, bir də öz halına baxdı. Uzun-uzadı düşündükdən sonra adamlarına əmr etdi:

– Əbdülqadirin qızıllarını dərhal özünə qaytarın. Bir kisə qızıl da üstündə verin.

Bu işdən çaşbaş qalan Əbdülqadir dedi:

– Üç qızılımdan başqa, qızıl götürmərəm.

Zaroğlu əməlli-başlı təəccübləndi:

– Ay uşaq! Sən necə insansan?! Əvvəl biz məcbur etmədən qızılın olduğunu dedin. İndi də sənə verdiyimiz qızılı götürmürsən?

Əbdülqadir özündən arxayın halda dilləndi:

– Burda qəribə nə var ki? Üç qızılı götürürəm, çünki özümündür. Ancaq o bir kisə qızılı alsam, haram olar. Anam tapşırıb ki, harama əl uzatmaq olmaz. Haram yesəm, gözəl Allah məni sevməz.

Zaroğlu sarsıldı. Öz-özünə: “Hələ heç bir günahı olmayan bu uşağın düşüncəsinə və həssaslığına bax, bir də öz halına bax!” – deyə pıçıldadı və adamlarına:

– Yoldaşlar, quldurluq buraya qədər imiş. Dərhal hər kəsin qızılını, pulunu özünə qaytarın, – deyib oradan uzaqlaşdı.

Quldurlar buna lap mat qalmışdılar. Yolçular isə hər şeyləri geri qaytarıldığına görə çox sevindilər. Lakin yol boyu kiçik Əbdülqadirin sözlərini heç unuda bilmirdilər. Onlar səfərlərinə davam etsin, bu hekayəmiz də burada bitsin”.

Məhəmməd kişi sözünü bitirər-bitirməz Topal İbrahim heç kimə ağzını açmağa imkan vermədən etiraz etdi:

– Yox, Məhəmməd kişi, yox! Həsən baba səndən olmuş bir hadisə danışmağı xahiş elədi. Sən isə bizə nağıl danışdın.

Məhəmməd kişi təəccübləndi:

– Bunun harası nağıldır, dostum?

– Harası deyil ki? Başdan-ayağa nağıldır. Heç kim quldura “qızılım var” deməz. Qızıl hədiyyəni də heç kim geri qaytarmaz.

Mübahisənin uzandığını görən Həsən baba söhbətə qarışdı. Az söyləmiş, öz söyləmiş. Yaxşı, gözəl söz söyləmiş. Görək, canım, nə söyləmiş:

– Alınları ağ edərəm, könülləri pak edərəm! Burada mübahisəlik bir şey yoxdur. Özünüzü Əbdülqadirin yerinə qoyun. Əgər “biz də onun kimi edərdik” deyirsinizsə, olanlar həqiqətdir. Yox, “Biz belə etməzdik” deyirsinizsə, nağıldır. Unutmayın! Hər kəsin könül dünyasında nə əks olunursa, onun nağılı da, gerçəyi də odur.