cloud2
cloud1
cloud3
cloud4

Çiçəklər və balaca qız

20.06.2015 , 767 dəfə baxılıb.


Günlərin bir günü kiçik qızcığaz evlərinin bağçasında çiçəklərlə oynayırdı. Əslində, o elə həmişə bağ­çada güllərlə oynamağa adət etmişdi. Bağçalarındakı çiçəklərin gözəlliyinə tamaşa edir, çiçəkləri bir-bir öpüb-qoxulayırdı. Anası ona gizli-gizli göz qoyur, kiçik qızcığazının da bir çiçək olduğunu dü­şünürdü.

Axşam düşmüşdü. Qız güllərlə o qədər oynamışdı ki, xeyli vaxt keçmişdi.

Anası kiçik qızcığazını çağırdı:

─ Qızım, bəsdir oynadın. Axşam düşür.

Kiçik qız anasını heç vaxt incitməzdi. Ona görə dərhal cavab ver­­di:

─ Gəlirəm, anacan.

Amma, düzünə qalsa, çiçəkləri o qədər sevirdi ki, onlardan ayrılmaq istəmirdi. Lakin anası çağırmışdı, getməyə bilməzdi. Birdən kiçik qızın ağlına gəldi ki, anası­na güllərdən hədiyyə aparsın. Çiçəklərə baxdı. “Görəsən, hansını hədiyyə edim?” − deyə düşündü. Ən gözəl çiçəyi seçdi. Elə çiçəyin saplağını üzmək istəyirdi ki, qəlbi titrədi. Onu qəhər boğdu. Çiçəyi qoparmaqdan vaz keçdi. “Bu çiçəyi anama hədiyyə edib onu sevindirmək istəyirəm. Ancaq çiçəyi dərsəm, o solacaq. Bəs mən nə edim? Axı çiçəyi incidərəm, onun xoşbəxtliyini əlin­dən alaram” deyə düşündü.

Gülümsədi. Dərmək istədiyi çiçəyə baxdı. Sanki çiçəklər qızcığaza tə­bəs­süm edirdi. “Salamat qalın, sabah yenə gəlib sizinlə oynayacam”.

Evə doğru addımlayırdı ki, ye­ni­dən anasının səsini eşitdi. Qaçmağa başladı.

Anası qızını qapının ağzında qarşıladı:

─ Niyə belə gecikdin, qızım?

─ Çiçəklərlə oynayırdım, anacan. Ah, bir sən də görsəydin. Çiçəklər o qədər gözəldir ki, ana…

─ Çiçəklərə yaman bağlanmısan. Deyəsən, çiçəklərdən ayrılmaq istə­mirsən.

─  Ana, istəyirdim səni sevindirəm. Sənə çiçək hədiyyə edəm. Amma, anacan, çiçəyin xoşbəxtliyini əlindən almaqdan qorxdum. Onu dər­məyə əlim gəlmədi. Çünki qoparsaydım, so­la­caq, gözəlliyini iti­rəcəkdi. Ana­nı incitmək nə qədər qəbahətdirsə, çiçəyi dərmək də o qədər qəbahətdir. Çiçəyi incitməkdən qorxdum, anacan…