cloud2
cloud1
cloud3
cloud4

Ceyran və leylək

12.02.2016 , 411 dəfə baxılıb.


Əvvəl zaman içində, xəlbir saman içində…
Qədimdə insanlara naməlum qalan keçilməz bir meşə vardı. Meşənin kənarında böyük bir göl də uzanırdı. Bu göldə yaşayan leylək hamını bezdirib cana yığmışdı. Belə ki, qabağına çıxanı yolundan edir, nəsihət adı ilə boş-boş danışırdı. İş o həddə çatmışdı ki, heyvanlar onu görəndə yollarını dəyişirdilər. Çünki onun əlinə düşən axşama kimi canını zorla qurtarırdı.
Bir müddət sonra leylək artıq heç kimi saymamağa, başqalarına yuxarıdan aşağı baxmağa başladı. Öz-özünə belə deyirdi:
– Bu meşədə heç kim məndən ağıllı ola bilməz. Hər kəsə nəsihət edir, ağıl verirəm. Özümlə qürur duyuram. Mən nəsihət etməsəm, bu qədər çalışqan olarmı qarışqa? Yemək belə tapmaz tarlaya varınca. Hələ siz bu arılara baxın. Hansı gün nəsihət etmirəm, çiçəkliyin yolunu itirirlər.
Heyvanlar başlarını bulayıb deyirdilər:
– Bunun heç işi-gücü yoxdur?
Leylək isə nə bunları eşidir, nə də xasiyyətindən əl çəkirdi.
Bir gün ceyran qərara gəldi ki, leyləklə söhbət edib onu başa salsın. Leylək ceyranı görər-görməz gözləri işıldadı və dedi:
– Mən də deyirdim, bu gün kimə nəsihət verəcəm. Elə buna görə də meşəyə gedirdim. Qismət səninmiş, Allahına şükür elə.
– Mən nəsihət almağa deyil, verməyə gəlmişəm. Özünü ələ al. Lak-lakla ömrün keçir. Quru nəsihətdən bir şey çıxmaz.
Bu sözlərə qəzəblənən leylək hiddətlə cavab verdi:
– Sözlərimi sırğa elə, as qulağından. Sənin kimi dost düşmənə qismət olsun. Ağlını başına yığ. Minnətsiz, tərəddüdsüz sənə nəsihət edirəm. Daha nə istəyirsən? Sən qədir-qiymət bilən deyilsən!
Bu dəfə ceyran lap özündən çıxdı:
– Bax, dostum, sözümün canı, sözlə qarın doymaz. Belə davam etsən, bizdə baş qalmaz. Verdiyin nəsihətə əvvəlcə özün əməl eləməlisən. Heç kim bu vaxtacan sənə deməyib: “Sən bir özünə bax”. Heç kimə aman verməmisən edə-edə “Lak, lak, lak”.
Bu sözlərdən sonra axır ki, leyləyin ağlı başına gəldi və öz-özünə dedi:
Ceyran haqlıdır. Gərək hər kəs söylədiyi sözə birinci özü əməl etsin. Hər kəs əvvəlcə özünə baxmalıdır”.