cloud2
cloud1
cloud3
cloud4

Azı dişi

19.02.2016 , 445 dəfə baxılıb.


Teymur evə gələndə bərk acmışdı. Soyuducudan tapdığı yeməkləri çıxarması ilə mədəsinə ötürməsi bir oldu. Əlinə keçəni tələm-tələsik ağzına doldurdu. Ağzında dili də özünü itirmişdi. Nə edəcəyini bilmirdi. Gələn tikələri gah sağa, gah sola göndərməyə çalışırdı. Bu vaxt acgöz mədədən cürbəcür gurultu səsləri gəlməyə başladı. Sanki futbol yarışının azarkeşləri komandalara göstəriş verirdi:

– Ötür, ötür!

Teymur da bu səsləri eşidib tikələri tez-tez mədəyə ötürürdü. Azı dişi də gələn yeməkləri tam çeynəməyə macal tapmır, xırdalamadan mədəyə göndərirdi. Bu vəziyyətdən narahat olan şirin dil azı dişinə səsləndi:

– Dəyərli qardaşım! Bəlkə, bir az yavaş olasan? Bunun axırı həm sən, həm də Teymur üçün yaxşı qurtarmaya bilər.

Azı dişi qəhqəhə ilə gülüb dedi:

– Sən özünə bax, tənbəl dilcik. Mən nə elədiyimi yaxşı bilirəm.

– Yaxşı deyirsən, diş qardaş. Mənim işim təkcə gələn yeməkləri sənə göndərmək deyildir. Axı yeməklərin dadını da yoxlamalıyam. Sən elə sürətlə çeynəyirsən ki, çata…

Elə bu vaxt azı dişi dili sağ tərəfindən dişləyib sözünü axıracan deməyə qoymadı.

Üstəlik, bir də dilin üstünə acıqlandı:

– Başqalarının işinə qarışanın axırı belə olur.

Azı dişi dilə bərk hirslənmişdi. Yemək qurtarandan sonra ağrısı bir az azalan şirin dil dedi:

Diş qardaş, yeməkdən sonra özünü fırçalasan, yaxşı olar. Mikroblar səni yeyib çürüdə bilər.

Azı dişi qəhqəhə çəkdi:

– Mikrob kimdir ki, məni çürütsün, ay qısqanc dil? Daş kimiyəm, daş kimi. Mikrobun gələcəyi varsa, görəcəyi də var, – deyərək qıcırdadı.

Şirin dillə azı dişin mübahisəsi günlərlə, hətta aylarla çəkdi. Dil yorulmadan ona xəbərdarlıq edir, azı dişi isə onun sözlərinə məhəl qoymurdu.

Bir gün Teymurun ürəyi fındıq istədi. Fındığı ovuclayıb bir-bir ağzına atdı. Özünə güvənən azı dişi də başladı fındıqları sındırmağa.

Dil ona: “Belə şey eləmə!” – dedikcə o, fındıqları daha da inadla sındırırdı. Hər şey yolunda gedirdi ki, birdən çart səsi eşidildi. Əvvəl azı dişi, sonra isə Teymur haray çəkib qışqırdı:

– Yandım, ana!..

Bu inilti günlərlə çəkdi. Anası həmin gün Teymuru diş həkiminə apardı. Azı dişinin başına nələr gəldi, bilmədik. Amma bu hadisədən sonra dillə mehriban davranmağa başladı.