cloud2
cloud1
cloud3
cloud4

Aslana düşən pay

19.06.2016 , 569 dəfə baxılıb.


Ağıllı adam bəladan, müsibətdən, dostlarının ölümündən ibrət götürər.

Bir gün bir aslan, bir qurd və bir tülkü ov ovlamaq üçün meşəyə yollandılar. Onlar qərara aldılar ki, əlbir olub çoxlu ov ovlasınlar. Erkək aslan qurd və tülkü ilə birgə ov ovlamaqdan utansa da, məcbur qalıb onlara yoldaşlıq etdi. Dağları, dərələri gəzən bu üç yoldaş, nəhayət, bir öküz, bir keçi və bir kök dovşan ovlayıb meşəyə gətirdilər.

Qurdla tülkü iştaha ilə ovladıqları heyvanlara baxıb şahlar şahının ədalətli bölgüsünü gözləməyə başladılar. Aslan bu fürsəti elə göydə axtarırdı. Qurduğu tələni xatırlayıb dodağının altında qımışdı. Bir az keçdikdən sonra aslan üzünü

qurda tərəf tutdu:

– Ey qurd, gəl şikarı aramızda böl.

– Şah sağ olsun, vəhşi öküz sizin olsun. Çünki o, böyük olduğu üçün əsl sizin yeminizdir. Keçini mən götürüm, dovşan da tülküyə qalsın.

Elə bunu demişdi ki, qurdun sözü ağzında qaldı. Aslan qəzəblə yerindən sıçradı. Bir göz qırpımında həddini, yerini bilməyən cahil qurdu parçaladı. Bu dəfə də tülküyə tərəf çevrildi:

– Yaxın gəl görüm, ay tülkü. İndi növbə səndədir. Böl görüm, sən necə böləcəksən?

Tülkü aslanın hüzurunda ehtiramla əyilib fikrini dilə gətirdi:

– Şah sağ olsun, bu kök öküz səhər yeməyiniz olsun, keçinin dadına nahar vaxtı baxın, dovşanı da axşama saxlayın.

– Çox gözəl, çox yaxşı bölgü apardın. Yaxşı, de görüm, bu şəkildə ədalətli bölgü aparmağı kimdən öyrənmisən? – dedi.

– Ey şahlar şahı, bunu bayaq parçaladığın qurdun halından öyrəndim.

Tülkünün “təvazökarlığı” aslanın xoşuna gəldi və ovladıqları şikardan ona da verdi.