cloud2
cloud1
cloud3
cloud4

Ağıllı dovşan

20.06.2015 , 1. 922 dəfə baxılıb.


Biri vardı, biri yoxdu, qədim zamanlarda bir meşə var­dı. Bu meşənin içi yamyaşıl otlarla örtülmüşdü. Meşədə cür­bəcür ot yeyən heyvanlar xoşbəxt ömür sürürdülər. Me­şənin və meşədəki çəmənliyin gözəlliyinə söz ola bil­məz­di, lakin bu heyvanların böyük bir dərdi vardı. Yaxınlıqda yaşayan bir aslan ya­­şıl çəmənlikdə təzə, cürbəcür otların dadından zövq alan heyvanlara hücum edər və onları bir-bir tutub yeyərdi. Artıq iş o yerə çatmışdı ki, hey­vanlar qorxudan bu yaşıl çəmənliyə çıxa bilmirdilər. Çə­­mənlik heyvanlara zəhər olmuşdu. Əvvəl-axır bir gün aslana yem olmaq qorxusu onların yuxusuna haram qat­mışdı.

Heyvanlar gördülər ki, belə getsə, aslan onların axırına çıxacaq. Ona görə də yığışıb qərara aldılar ki, gedib aslanla razılığa gəlsinlər. Aslanın hüzuruna gedib ona belə bir təklif etdilər:

– Əgər sən heyvanlara dəyib-toxunmasan, istədiyin şikarı ayağına gətirəcəyik.

Fəqət məğrur və özünə güvənən aslan heyvanların təklifini qəbul etmədi. Fikirləşdi ki, belə olsa, get-gedə tənbəlləşəcək:

– Mənim heç kimə ehtiyacım yoxdur, öz yemimi özüm çalışıb əldə edə bilərəm, – dedi.

Ancaq heyvanlar yalvarıb and-aman etdikdən sonra onu razı sala bildilər. Bundan sonra hər gün bir heyvan gə­lib ona yem olacaqdı. Onlar öz aralarında püşk atıb hər gün aslana bir şikar seçməyə başladılar. O gündən son­ra növbəsi çatan öz ayağı ilə aslanın mağarasına gedir, dost­ları uğrunda özünü qurban edirdi. Qalan heyvanlar isə əvvəlki sevincinə qovuşub növbəsi çatana qədər me­şədəki çəmənlikdə otlamağa davam edirdilər.

Günlər beləcə keçir, bəzi günlərdə kiçik, bəzi günlərdə də böyük heyvanlar aslanın yemi olurdu. Günlərin bir günü dovşan eşidəndə ki növbə ona çatıb, ürəyinə dağda­ğa* düşdü. “Bu zülm və işgəncə nə vaxta qədər davam edəcək?” – deyə hay-küy salıb bu qərara etirazını bildirdi. Heyvanlar dovşanı çağırıb: “Bu vaxta qədər sözümüzə sadiq qaldıq, növbəsi çatan özünü qurban verdi. İndi sən də inadkarlıq edib bizi pis vəziyyətdə qoyma. Tez ol, aslanın mağarasına get, yoxsa əvvəlki kimi yenə dərimizə saman təpəcək”, – deyə onu hədələdilər.

Dovşan dostlarından ona bir az vaxt vermələrini xahiş edib, özünü və onları aslanın cəngindən xilas etmək üçün yaxşı bir plan fikirləşdiyini söylədi. Heyvanlar nə qədər dil töküb yalvarsalar da, dovşan onlara heç nə demədi.

Dovşan: “Bir az səbir edin, görərsiniz, mən bu şahın ba­şına necə bir oyun açacağam”, – dedi. O, aslanın yu­vasına çox gec getdi. Şikarının gecikdiyini görən aslan qə­zəblə nərildəyir, pəncəsi ilə yer qazırdı.

Aslan heyvanlarla razılığa gəlməkdə xəta etdiyini dü­­şünməkdə idi ki, dovşan yavaş-yavaş onun yuvasına doğ­­ru irəliləyirdi. Yeri-göyü lərzəyə salan, qəzəblənib özün­dən çıxan aslan uzaqdan dovşanın ona tərəf gəldiyini gör­müşdü. Dovşanın bu cür sakit və təmkinli hərəkətləri onu daha da qəzəbləndirirdi:

– Bilmirsənmi ki, mən filləri belə parçalayıram? Sən bu balaca boyunla nə cəsarətlə məni qəzəbləndirirsən? İnşallah, bir bəhanən var!

Dovşan aslana yalvarıb əfv diləməyə başlayır və deyir ki, əgər qulaq assa, gecikməyinin səbəbini açıqlayacaq.

– Şah sağ olsun, səhər tezdən yola düşdüm. Özümlə yaxşı kök dovşan da gətirirdim, hüzurunuza tələsirdik. Ancaq yolda üstümüzə bir aslan cumdu. Yalvardım-ya­xardım. Dedim, biz şahlar şahının nökəriyik, bizə to­xunma. O da nə cavab versə, yaxşıdır. Dedi: “O, kimdir ki, mənim yanımda? Səni də parçalayaram, onu da”. “Onda, – dedim, – heç olmasa, icazə ver, axırıncı dəfə şahımın üzünü görüm”. O da dostumu yanında girov saxlayandan sonra mənə icazə verdi. Nə qədər yalvarsam da, xeyri olmadı. Dostumu yanında saxladı, məni də hüzurunuza göndərdi. Dostum məndən daha kök, daha yaxşı idi.

Dovşanın ­­­­sözünü  dinləyən  aslan daha da qəzəblən­mişdi, dil-dodağını gəmirirdi:

– Düz deyirsən, düş qabağıma. Gedək görək, o, kimdir ki, bizə meydan oxuyur? Mən onun dərsini verərəm. Ancaq yalan danışsan, vay halına, – dedi.

Bundan sonra qəzəbli aslan dovşanın arxasınca yola düşdü. Dovşan aslanı qurduğu tələyə salmaq üçün qabaqda gedirdi. Nəhayət, gəlib bir quyunun başına çıxdılar.

– Bax, bax, ikisi də oradadır. Görürsənmi? – deyə dovşan quyunun içini göstərməyə başladı.

Quyuya yaxınlaşan aslan dovşanın qorxa-qorxa geri çəkildiyini görüb:

– Hara qaçırsan? Qabağıma düş görüm! – dedi.

– Şah sağ olsun, görmürsünüz ki, qorxudan necə tit­rəyirəm? Əlim-ayağım əsir. Ürəyim ağzıma gəldi. Həm də dostumu bu vəziyyətdə görmək məni çox mütəəssir* etdi, – dedi dovşan.

Aslan üzünü dovşana tutub dedi ki, quyuya baxsın, görsün, dediyi aslan ordadır, yoxsa yox.

– Şah sağ olsun, sizdən bir ricam var. Mən çox qorxuram, məni qucağınıza alın, o quyuya yalnız sizin qucağınızda yaxınlaşa bilərəm, – deyə dovşan aslana  qısıldı.

Aslan dovşanı qucağına alıb quyuya baxmaq üçün ba­şını aşağı əydi. Bir də nə görsə, yaxşıdır. Elə dovşanın dediyi kimi, quyuda bir aslan, qucağında da kök dovşan var. Dov­şanı qucağından atan qəzəbli aslan quyuya atıldı. Elə oradaca boğulub öldü.

Aslanı tələyə salan və heyvanları onun əlindən xilas edən dovşan sevinə-sevinə dostlarının yanına gəldi və bu xoş xəbəri onlara çatdırdı. Şad-xürrəm* heyvanlar dovşanı qucaqladılar və öz xilaskarlarına dərin təşəkkür etdilər.

Özünü ağıllı, bacarıqlı və güclü hesab edənlər çox vaxt aldanırlar. Bəzən onlar qəzəbləri ucbatından tələyə düşürlər.