cloud2
cloud1
cloud3
cloud4

Abdullah

20.06.2015 , 643 dəfə baxılıb.


Xəyallar əl çəkmək istəmir, gənc qızı sıxırdı. Təkbaşına qalmaq və hara gəldi baş alıb getmək istəyirdi. Özünü hara getdiyini bilmədən şəhərin küçələrinə atdı. Axşam düşürdü. Üfüq al şəfəqlərə bürünmüşdü. Bahar təbəssüm edərək gəlməyə hazırlaşır, qış son nəfəsini versə də, yazın ilk qədəmlərinə mane olmağa çalışırdı. Martın sakit günləri idi. Məktəblərdə  son dərs saatının zəngi çalınmış, uşaqlar küçələrdə dolub-daşırdı. Kimi anası, kimi atası, kimi də yoldaşları ilə birlikdə evlərinə gedirdilər. O üzünü çevirib bir xeyli uşaqlara baxdı. Birdən göz­­ləri təkbaşına gedən uşağa ilişdi. Uşaq çiyinlərini qaldırmış, sanki başını bədənində gizlətməyə çalışırdı. Deyəsən, çox üşüyürdü. Gənc qız:

− Abdullah, − deyə səsləndi.

Uşaq səs gələn tərəfə dön­dükdə üzünə hər zaman olduğu kimi təbəssüm yayıldı. Dili dolaşa-dolaşa danışmağa başladı. Birbiri­ləri ilə hal-əhval tutdular.

Qız əlini uşağın çiyinlərinə qoyub onu özü­nə doğru çəkdi, başını oxşadı.

Abdullah əvvəlki binalarındakı qapıçının oğlu idi. Dördüncü sinifdə oxuyurdu. Qız nə vaxt dərslərinin necə olduğunu soruşar, o cavab verərdi ki, “yaxşıdır”. Kim soruşsa, nə soruşsa, Abdullahın dünyasında hər şey yaxşı idi. Onun həyata baxdığı pəncərə aprel ayı kimi gül-çiçəkli, göy qurşağı kimi rəngarəng idi.

− Bayramda nə etdin, Abdullah? − deyə qız soruşdu.

Uşaq:

− Heç nə, − deyə cavab verdi. Qız qətiyyən belə cavab gözləmirdi. Onun dünyası “yaxşı” idi. O dünyada “heç nə” ola bilməzdi. Heç nə… heç nə. Bu cavab gənc qızın heç xoşuna gəlmədi. Bu dəfə:

− Qurban kəsdinizmi? − deyə soruşdu.

− Yox.

Abdullahın ailəsi kasıb idi. “Bəlkə də, çoxdandır evlərində ət bişmir” deyə düşündü. Dər­hal bir qəssaba gedib ət almaq istədi. Abdullah və qardaşlarının halına çox acıdı, kədərləndi. Bəlkə də, heç atası bayramlıq pal­­tar da ala bilməyib ona. Bayramlıq paltar olmadan, digər uşaqların ailələri kimi qurban kəsmədən keçirilən bir bayramda “heç nə” etmək başa düşüləndir. O, içində bir xeyli belə danışdı. Əli uşağın çiyinlərində idi. Onu özünə doğru çəkib qucaqladı:

− Canım, − dedi, − evinizdə portağal var?

Uşaq:

− Yox, − deyə cavab verdi.

− Gözlə. Bax getməyəsən ha!

Bir az əvvəl yanından keçdikləri meyvə dükanına doğru qaçdı. Bir kilo portağal alıb tez uşağın yanına qayıtdı. Yenə əlini uşağın çiyninə qoydu.

Axşam düşmüş, üfüqdəki al şəfəqlərin yerini qaranlıq almışdı. Küçədəki lampalar yanırdı. Əlindəki torbanı uşağa verdi:

− Anan nigaran qalar. Evə tez get, − gənc qız dedi.

− Çox təşəkkür edirəm, mələk bacım, − uşaq dilləndi.

Gənc qızın əlinin altından sıyrılıb çıxdı. Yola düşərkən arxasına çevrilib əl elədi. Gənc qız özünü çox xoşbəxt hiss edirdi. O, ürəyində dualar etdi: “Allahım! Uşağın gözlərindəki məsumluq, dodaqlarındakı gülüş heç zaman əskik olmasın! Amin…”

Özünü hara getdiyini bilmədən şəhərin kü­çələrinə atdı.